Azər Bayramov: Naxçıvanın iqtisadi aktivliyinin artdığı müşahidə olunur

Azər Bayramov: Naxçıvanın iqtisadi aktivliyinin artdığı müşahidə olunur

06 Fevral 2026

Fevralın 6-da Bakı şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbirdə iqtisadiyyat nazirinin müavini Azər Bayramov ölkədə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, nazir müavini bildirib ki, 2022–2025-ci illər üzrə orta illik iqtisadi artım tempi sosial-iqtisadi inkişaf Strategiyasında müəyyən edilmiş 5 faizlik hədəfi üstələyərək 5,6 faiz təşkil edib. Onun sözlərinə görə, son illərdə qeyri-neft sektorunun inkişafı və həyata keçirilən vergi islahatları nəticəsində ölkənin fiskal dayanıqlığı əhəmiyyətli dərəcədə güclənib, strateji valyuta ehtiyatları isə 85 milyard ABŞ dollarını ötüb.

Azər Bayramov diqqətə çatdırıb ki, dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar və Azərbaycanın suverenliyinin tam bərpası ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar və çağırışlar formalaşdırır. O qeyd edib ki, bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvan Muxtar Respublikası üçün xüsusi iqtisadi imkanlar yaradacaq.

Nazir müavini vurğulayıb ki, son illərin sosial-iqtisadi göstəriciləri muxtar respublikanın iqtisadi aktivliyinin artdığını nümayiş etdirir. Onun sözlərinə görə, dövlətin sahibkarlara göstərdiyi dəstəyin daha da gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da vergi güzəştlərinin 10 il müddətinə tətbiqinə başlanılıb.

Azər Bayramov əlavə edib ki, yaradılmış şərait Naxçıvanın iqtisadi potensialının tam reallaşdırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verəcək.