Nazir: Naxçıvan regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm iqtisadi mərkəzə çevrilir

Nazir: Naxçıvan regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm iqtisadi mərkəzə çevrilir

06 Fevral 2026

Fevralın 6-da Bakı şəhərində “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı, vergi, gömrük və sosial sığorta güzəştləri” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri barədə sahibkarların ətraflı məlumatlandırılması, regionun investisiya imkanlarının tanıdılması və işgüzar fəallığın təşviqi olub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev son illərdə regionda əldə olunan sosial-iqtisadi nəticələrə və Naxçıvanın strateji üstünlüklərinə diqqət çəkib. 

Nazir bildirib ki, açılması nəzərdə tutulan sənaye parkı, mövcud sənaye məhəlləsinin fəaliyyəti, istehsal və logistika imkanlarının genişlənməsi, eləcə də Türkiyə ilə quru sərhədinin mövcudluğu Naxçıvanı regional və beynəlxalq bazarlara çıxış baxımından mühüm iqtisadi mərkəzə çevirir.

Kazım Hüseynəliyev eyni zamanda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.