Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qruplarının uğur yolu
Müasir dövrdə ali tibbi təhsilin inkişafı dövlətlərin sosial-iqtisadi inkişaf strategiyalarının əsas prioritet istiqamətlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycan Respublikasında tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması məqsədilə sistemli islahatlar həyata keçirilir.
Zamanın nəbzi harada döyünürsə, inkişaf da oradan başlayır. Bu gün Naxçıvan Dövlət Universitetində atılan addımlar təkcə bir ali təhsil müəssisəsinin deyil, bütövlükdə bir regionun gələcək səhiyyə mənzərəsini formalaşdırır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən strateji hədəflər ali tibbi təhsilin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələnin ən parlaq nümunələrindən biri isə Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qruplarının yaradılmasıdır.
2024–2025-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan SABAH qrupları yüksək bal toplamış, məqsədi və arzusu aydın olan gəncləri bir araya gətirdi. Ötən il müsabiqə yolu ilə seçilən 21 tələbə üçün bu qruplar sadəcə auditoriya deyil, bilik, məsuliyyət və peşəkarlıq məktəbinə çevrildi. 2025–2026-cı tədris ili üzrə qəbul statistikası da bu layihəyə olan marağın artdığını göstərir. Beləki, bu il həm ingilis, həm də Azərbaycan dili üzrə ümumilikdə 20 tələbə SABAH qruplarına qəbul olunub və hazırda bu proqram çərçivəsində təhsil alanların sayı 40-dan artıqdır.
Bu gün universitetin auditoriyalarında Azərbaycan və ingilis dillərində səslənən tibbi terminlər gələcəyə ünvanlanan elmi çağırış kimidir. İngilis sektorunda dərs deyən Türkiyənin nüfuzlu universitetlərindən dəvət olunmuş professor və dosentlər təkcə bilik deyil, eyni zamanda zəngin klinik təcrübə gətirirlər. Ümumilikdə bu il ərzində 50 nəfər xarici mütəxəssisin tədris prosesində iştirakı Naxçıvan Dövlət Universitetini beynəlxalq akademik məkana çevirir. Bu professorların tibb sahəsində üstünlük göstərməsi isə təsadüfi deyil.
SABAH qrupları üçün yaradılan maddi-texniki baza da bu yolun möhkəm təməl üzərində qurulduğunu göstərir. Kitabxanalara əlavə olunan yüzlərlə elmi mənbə, auditoriyalarda quraşdırılan müasir texniki avadanlıqlar tələbələrin biliyə daha yaxın olmasına xidmət edir. Universitet rəhbərliyinin tələbə və müəllimlərlə keçirdiyi görüşlər isə bu prosesin canlı və dinamik şəkildə idarə olunduğunu nümayiş etdirir.
Bu təşəbbüsün fərqləndirici cəhətlərindən biri də şəffaflıqdır. Həm müəllim, həm də tələbə seçimi obyektiv meyarlar əsasında aparılır, hər mərhələ sənədləşdirilir. Ən yaxşıların seçildiyi bu mühitdə məqsədli SABAH təqaüdləri tələbələrin zəhmətinə verilən qiymət, elmə olan inamın ifadəsidir.
Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qruplarının təqdimatının ölkədə ilk dəfə məhz burada keçirilməsi təsadüfi deyil. Bu təqdimat Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Tibb fakültəsinin 25 illiyi və SABAH qruplarının 10 illiyi ilə eyni vaxta təsadüf edərək tarixi bir rəmzə çevrilib. Bu rəmz keçmişin təcrübəsi ilə gələcəyin ümidini birləşdirir.
Beynəlxalq əməkdaşlıq isə bu yolun ən parlaq səhifələrindəndir. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Avropa Tibb Tələbələri Assosiasiyasına (EMSA) üzvlüyü tələbələr üçün dünyaya açılan qapıdır. Rumıniyanın “Carol Davila” Tibb və Əczaçılıq Universitetində keçirilən mübadilə proqramında iştirak edən tələbələr üçün bu səfər yalnız bir təcrübə deyil, həm də peşəkar dünyagörüşün formalaşdığı yadda qalan bir mərhələ oldu.
Bu gün Naxçıvan Dövlət Universitetində yetişən gənc tibb tələbələri sabah ağ xalat geyinərək insanların ümidinə çevriləcəklər. Onların hər biri bu torpağın sağlam gələcəyinə yazılmış canlı imzadır. SABAH qrupları isə bu imzaların arxasında dayanan güclü bir ideyadır – bilikli, vicdanlı və peşəkar həkimlər yetişdirmək ideyası.
İnanırıq ki, bu yol davamlı olacaq və Naxçıvan Dövlət Universitetinin “Tibb” ixtisası üzrə SABAH qrupları yaxın gələcəkdə ölkənin ən nüfuzlu təhsil modellərindən biri kimi tanınacaq. Çünki burada gələcək yalnız öyrədilmir – burada gələcək qurulur.
Badəm Əliyeva
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı











