
Naxçıvan Sənaye Parkında bu sahələr üzrə məhsul istehsalı təklif olunur
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 dekabr tarixli 240 nömrəli Fərmanı ilə yaradılan Naxçıvan Sənaye Parkı regionun sənaye potensialının gücləndirilməsi və sahibkarlar üçün əlverişli investisiya imkanlarının formalaşdırılmasına xidmət edəcək.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il 31 yanvar tarixli sərəncamı ilə Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar torpaq sahəsi parkın fəaliyyəti üçün ayrılıb.
Sənaye Parkının idarə olunması və inkişafı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib.
Fərmanın tələblərinə uyğun olaraq, Naxçıvan Sənaye Parkında istehsal və emal ediləcək məhsullar üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təklif olunan sahələr bunlardır:
Yeyinti sənayesi: unlu və şəkərli-qənnadı məmulatların, qida məhsullarının konservləşdirilməsi;
Aqrar sənaye: şərabçılıq məhsulları və digər kənd təsərrüfatı məhsullarının emalı;
Kimya sənayesi: şüşə və plastik taralar, dərman vasitələri, əczaçılıq ləvazimatları, gübrə, boya, kimyəvi təmizləyicilər, kabellər və izolyasiya vasitələrinin istehsalı;
Neft-kimyası sənayesi: tullantıların idarə olunması, sürtkü yağları, plastik mənşəli tikinti məhsulları;
Metallurgiya: dəmir konstruksiyalar, metal profillər, borular, mismar və şurup istehsalı;
Yüngül sənaye: tekstil məhsulları, inşaat əlcəkləri, gön-dəri emalı və məmulatları;
Maşınqayırma: maşın və avadanlıqların ehtiyat hissələrinin istehsalı;
Qeyri-metal məmulatlar: sandviç panellər, günəş panelləri;
Sellüloz-kağız məhsulları: qutu və karton, birdəfəlik stəkan və qablar, dəftər və mətbəə kağızları;
Bioplastik torba və qablaşdırma vasitələri;
İnşaat materialları;
Xidmət sahələri: texnika və avadanlıqların təmiri, anbarlar, poçt xidməti (o cümlədən sürətli poçt), otel və restoran, bank və broker xidmətləri.