Naxçıvanda beşmərtəbəli binada yanğın olub

Naxçıvanda beşmərtəbəli binada yanğın olub

31 Avqust 2026

Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərdə yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində binanın 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 29,5 kvadratmetr olan mənzilin mətbəxində quraşdırılmış suqızdırıcı və paltaryuyan maşın yanıb. Mənzilin digər əşyaları yanğından mühafizə olunub.