Naxçıvanda ekoloqlara dövlət təltifləri təqdim edilib -

Naxçıvanda ekoloqlara dövlət təltifləri təqdim edilib - FOTO

07 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7 sentyabr – “Mavi səma üçün təmiz hava günü” və dövlət təltiflərinə layiq görülmüş əməkdaşlara medalların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev tədbirdə açılış nitqi ilə çıxış edib, möhtərəm cənab Prezidentə göstərdiyi yüksək diqqət və etimada görə dərin təşəkkürünü bildirib. Ardınca Nazirlik yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azər Xəlil oğlu Məmmədov tərəfindən cari ilin 8 ayı ərzində atmosfer havasının mühafizəsi ilə bağlı görülən işlər barədə məlumat verilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülmüş Nazirliyin üç əməkdaşına medallar təqdim olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azər Xəlil oğlu Məmmədov “Tərəqqi” medalı, Nazirliyin Aparat rəhbəri Şövqi İsfəndiyar oğlu Əliyev və Tural Behbud oğlu Əsgərov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Tədbirin sonunda təltif olunan əməkdaşlar təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.