Son model istəyirik, amma son modelə idarəetmə hüququ vermirik....

Son model istəyirik, amma son modelə idarəetmə hüququ vermirik....

07 Sentyabr 2026

Dünyaya baxırıq və bir sual getdikcə daha ucadan səslənir: Bu dünyanı illərdir əsasən kişilər idarə edirlər. Bəs nəticə nədir? Müharibələr, qanlı qarşıdurmalar, hakimiyyət uğrunda savaşlar, sərvətlərin ədalətsiz bölüşdürülməsi, təbiətin amansız istismarı, milyonlarla insanın yoxsulluğu və qorxu içində yaşaması...

Əlbəttə, bütün bunların günahını kişilərin üzərinə yıxmaq nə ədalətli, nə də doğrudur. Kişilər tarix boyu böyük kəşflərə, elmi nailiyyətlərə, mədəniyyətə və tərəqqiyə də misilsiz töhfələr veriblər. Ancaq bir həqiqəti də etiraf etməyin vaxtıdır: idarəçilik dünyasında qadınların potensialından hələ də kifayət qədər istifadə olunmur.

Bəlkə bir az da analara şans verək?

Çünki ana dünyaya yalnız uşaq gətirən varlıq deyil. Ana qoruyan, böyüdən, öyrədən, bağışlayan, fədakarlıq edən və sabahı düşünən insandır. Bir qadının analıq instinkti onun düşüncəsində çox mühüm bir xüsusiyyət yaradır: qorumaq və yaşatmaq istəyi.

Dövlət idarəçiliyinin də mahiyyətində əslində bundan böyük məqsəd yoxdur. Dövlət nə üçündür? İnsanını qorumaq, onun təhlükəsizliyini təmin etmək, uşaqlarının gələcəyini düşünmək, yaşlısına sahib çıxmaq, xəstəsini müalicə etdirmək, gəncinə yol açmaq, cəmiyyətin rifahını yüksəltmək üçün.

Bir ana süfrəyə yemək qoyanda əvvəlcə övladının payını düşünür. Bir ana evdə təhlükə hiss edəndə instinktiv olaraq uşağını qorumağa çalışır. Bir ana övladının gələcəyini bu günündən daha çox düşünür.

Bəlkə də siyasətə, idarəçiliyə, diplomatiyaya və dövlət qərarlarına məhz bu qoruyucu və gələcəyə hesablanmış baxışdan daha çox ehtiyacımız var.

Qadınların idarəçilikdə daha çox yer alması heç də kişilərin kənarlaşdırılması demək deyil. Əksinə, söhbət idarəçiliyə başqa bir baxış bucağının əlavə edilməsindən gedir.

Qadınlar və kişilər eyni cür düşünməyə məcbur deyillər. Elə idarəçiliyin sağlamlığı da müxtəlif düşüncələrin bir araya gəlməsindən yaranır. Kişinin cəsarəti ilə qadının ehtiyatlılığı, kişinin riskə getmək qabiliyyəti ilə qadının nəticəni əvvəlcədən ölçüb-biçməsi, kişinin rəqabət ruhu ilə qadının münasibətləri qoruma bacarığı bir araya gələndə daha balanslı qərarlar ortaya çıxa bilər.

Qadınların bir çox hallarda daha güclü empatiya, emosional həssaslıq, qayğı və münasibət qurmaq qabiliyyəti nümayiş etdirməsi də idarəçilik üçün ciddi üstünlük ola bilər. Çünki idarə olunan hər şeyin arxasında insan var.

Statistika deyil, insan.

Rəqəm deyil, həyat.

Büdcə maddəsi deyil, bir ailənin sabahı.

Bir qərarın arxasında bəzən milyonlarla insanın taleyi dayanır. Ona görə də qərar verən şəxsin yalnız güclü olmaq yox, həm də hiss etmək qabiliyyəti olmalıdır.

Bəlkə siyasətin ən böyük çatışmazlıqlarından biri də budur: biz uzun müddət dünyanı idarə edənlərdən "qalib gəlməyi" tələb etmişik, amma "qorumağı" kifayət qədər tələb etməmişik.

Qadın-kişi münasibətlərində də eyni həqiqəti görmək mümkündür. Qadını kişinin rəqibi kimi təqdim etmək nə qədər yanlışdırsa, kişini qadının düşməni kimi göstərmək də bir o qədər yanlışdır. Bunlar iki ayrı dünya yox, bir-birini tamamlayan iki böyük həyat təcrübəsidir. Amma qadının özünəməxsus üstünlüklərini də kiçiltmək olmaz.

Qadın həyatın ən ağır yükünü daşıyıb yenə ayaqda qala bilir. Ağrını gizlədib övladına təbəssüm edə bilir. Bir evin görünməyən minlərlə detalını yadda saxlayır. Münasibətləri qoruyur, ailənin emosional iqlimini formalaşdırır, övladının xırda dəyişikliklərini belə hiss edə bilir.

Bütün bunlar zəiflik deyil. Bunlar böyük bir həyat idarəetmə bacarığıdır. Halbuki bir ailəni ayaqda saxlamaq da idarəçilikdir, bir uşağın şəxsiyyətini formalaşdırmaq da idarəçilikdir, bir ailədə münaqişəni sakitləşdirmək də diplomatiyadır. Evin sabahını bu gündən planlaşdırmaq da strateji düşüncədir.

Bütün bunları illərlə, səssiz və təmənnasız edən milyonlarla qadın varsa, niyə onların bacarıqlarını dövlət və cəmiyyət idarəçiliyində də daha geniş şəkildə görməyək? Dünyaya daha çox qadın lider lazım olduğunu söyləmək kişilərə qarşı çıxmaq deyil. Bu, dünyaya daha çox balans lazım olduğunu söyləməkdir.

Bəlkə də artıq "kim daha üstündür?" sualından əl çəkib "kim hansı üstünlüyü ilə dünyanı daha yaxşı edə bilər?" sualını verməliyik.                                                   

Çünki qadın kişidən, kişi qadından üstün olmaq üçün yaradılmayıb. İnsan özündən fərqli olanı məğlub etmək üçün yox, onunla birlikdə həyat qurmaq üçün var.

Ancaq bir şeyi sınamağın tam zamanıdır: Ataların qurduğu dünyanın nəticələrini görürük. İndi anaların da dünyanı necə idarə edə biləcəyinə bir az daha çox şans verək. Bəlkə daha az müharibə, daha çox dialoq olar. Bəlkə daha az dağıtmaq, daha çox qorumaq düşünülər. Bəlkə gələcək nəsillərin taleyi bugünkü siyasi qələbələrdən daha vacib sayılar.

Və bəlkə bir gün anlayarıq ki, dünyanı xilas etmək üçün daha böyük silahlara yox, daha böyük insanlıq hissinə ehtiyacımız var. O hiss isə qadında da var, kişidə də. Sadəcə qadına öz sözünü demək, öz gücünü göstərmək və öz idarəçilik üslubunu ortaya qoymaq üçün daha çox imkan yaratmaq lazımdır. Çünki dünyanı dəyişmək üçün qadınların kişilərə qalib gəlməsinə ehtiyac yoxdur. Qadınların sadəcə süfrədə öz yerlərinin deyil, qərar masasındakı yerlərinin də haqq olduğunu qəbul etmək lazımdır.

İnsan nəsə alanda nə edir? Ən yeni modelini axtarır. Telefonun son modelini istəyir, avtomobilin son modelini istəyir, televizorun, kompüterin, hətta soyuducunun belə ən müasirini seçməyə çalışır. Reklamda "yeni model" sözünü görəndə gözümüz parıldayır.

Bəs belə bir sual yaranır: Allah qadını da həyatın ən möhtəşəm "son modellərindən" biri kimi yaradıbsa, biz niyə bu modeli idarəçilikdə kifayət qədər istifadə etmirik?

Qadın həm ana ola bilir, həm həyat yoldaşı, həm övlad, həm müəllim, həm həkim, həm alim, həm rəhbər... Üstəlik, eyni anda bir neçə işi düşünə bilir. Kişi bəzən bir işi görüb "mən bu gün çox şey etdim" deyəndə, qadın həmin vaxt beş işi görüb, üç işi planlaşdırıb, ikisini də sabaha saxlayıb və hələ "axşam nə bişirim?" sualını düşünür.

Bu artıq adi texnologiya deyil, vallah, çoxfunksiyalı sistemdir!                                              

Üstəlik, qadının daxilində elə bir "sensor" var ki, dünyanın ən bahalı cihazlarında belə tapmaq çətindir. İndi belə bir "sensor"u dövlət idarəçiliyinə əlavə etsək, bəlkə bəzi problemləri böyüməmişdən əvvəl hiss etmək mümkün olar.

Əlbəttə, bunları elmi qanun kimi təqdim etmək olmaz. Hər qadın eyni deyil, hər kişi də eyni deyil. Amma qadınların orta hesabla nümayiş etdirdiyi qayğı, empatiya, münasibətləri qoruma, uzunmüddətli nəticələri düşünmə və təhlükəni əvvəlcədən hiss etmə kimi keyfiyyətlər idarəçilik üçün böyük üstünlüyə çevrilə bilər. Bir də qadının "analıq instinkti" var. Ana qərar verəndə çox vaxt özündən əvvəl övladını düşünür. Dövlət adamının da ən böyük sualı belə olsa necə?

"Bu qərar mənə nə qazandıracaq?" yox,

"Bu qərar xalqın uşaqlarına nə qoyacaq?"

Bəlkə siyasətin ən böyük çatışmayan cümləsi elə budur.

Çünki siyasi qərarların çoxu bu gün üçün verilir, halbuki analar çox vaxt sabahı düşünürlər. Ana uşağına paltar alanda onun bir ildən sonra böyüyəcəyini düşünür. Ev quranda illər sonranı hesablayır. Övladının təhsilini planlaşdıranda on, iyirmi il sonranı gözünün qabağına gətirir.

Dövlət də belə düşünməlidir. Bir seçki dövrünü yox, bir neçə nəslin gələcəyini hesablamaq lazımdır.

İnsan hər şeyin ən yeni modelini seçməyə çalışırsa, idarəçilikdə də yalnız köhnə qəliblərə bağlı qalmasın.

Bəlkə "qadın idarə edə bilməz" düşüncəsinin özünü artıq "köhnə model" elan etməyin vaxtıdır?

Çünki dünya dəyişir, idarəçilik dəyişir, cəmiyyət dəyişir və bəlkə də növbəti böyük yenilik daha güclü kişilər yetişdirmək yox, qadınların gücünü tam şəkildə cəmiyyətin xidmətinə verməkdir.

Amma bir vacib məqamı da unutmayaq: "son model" demək "hər qadın hər kişidən üstündür" demək deyil. İnsanları cinsinə görə deyil, xarakterinə, ağlına, vicdanına, bacarığına və məsuliyyətinə görə qiymətləndirmək lazımdır.

Sadəcə qadınların qarşısındakı qapıları daha geniş açmaq lazımdır. Çünki bəlkə də dünyaya indi daha çox "qalib" yox, daha çox qoruyan lazımdır. Bəlkə də anaların dünyaya baxışından öyrənəcəyimiz çox şey var.

Həyatımızın hər detalında ən müasir olanı “son modeli" seçiriksə, dünyanın idarə olunmasında niyə hələ də köhnə modellərlə kifayətlənirik?

Əlövsət HÜSEYNQULİYEV 

Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri,

Antiterror və təhlükəsizlik üzrə ekspert