NDU Elmi Kitabxanasında 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 21 yanvar 1990-cı ildə öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənlərə kəskin etiraz etməsinə həsr olunmuş “20 yanvar faciəsi: boğulan səsin haqq sədası Ulu Öndər Heydər Əliyev” adlı dəyirmi masa təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova 21 yanvar tarixinin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edib. Daha sonra Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlişini əks etdirən videoçarx nümayiş olunub.
Dəyirmi masada “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Xəzər Hüseynov, həmin kafedranın əməkdaşları tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli, tarix elmləri doktoru, professor Sevinc Abbasova, tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev, “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Nazlı Yaqubova, Tərcümə mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva və kitabxana əməkdaşları iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar faciəsinin ertəsi günü — 1990-cı ilin 21 yanvarında Ulu Öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqı ilə birlikdə olduğunu bəyan edib. O, həmin dövrdə respublika rəhbərliyinin xalqımıza qarşı xəyanət etdiyini və törədilən faciənin cinayət xarakteri daşıdığını qətiyyətlə ifadə edib. Bu mövqe Ulu Öndərin Vətənə və xalqa bağlılığını, cəsarət və mərdliyini bütün dünyaya nümayiş etdirib.
Tədbir iştirakçıları vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb və bu, Heydər Əliyev siyasətinin alternativsiz olduğunu bir daha sübut edir.
Yekunda bildirilib ki, Azərbaycan tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəngin həyat və fəaliyyət yolunun öyrənilməsi, gənclər arasında geniş təbliğ olunması dövlətçilik tariximiz baxımından xüsusi əhəmiyyət kəsb edir.














