Sədərəkdə Zəfər Gününə həsr olunmuş minifutbol birinciliyi keçirilib - FOTO
Sədərək rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünə həsr olunan minifutbol birinciliyi başa çatıb. Yarışda 8 komanda mükafatlar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, noyabrın 6-sı yarışın final oyunu keçirilib. Həlledici qarşılaşmada Mədəniyyət və Təhsil şöbələrini təmsil edən komandalar üz-üzə gəlib. Oyunu 9:2 hesablı inamlı üstünlüklə tamamlayan Təhsil şöbəsinin komandası birinciliyin qalibi olub. Mədəniyyət şöbəsi ikinci yerə sahib çıxıb.
Mükafatlardırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfəri barədə fikirlər səsləndirib, Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna ehtiramlarını ifadə ediblər.
Yer tutmuş komandaları təbrik edən və bütün iştirakçılara uğurlar arzulayan rəsmilər mükafatları şəxsən təqdim ediblər.
Qeyd edək ki, yarış əhali arasında sağlam həyat tərzinin təbliği, o cümlədən vətənpərvərvərlik hisslərinin gücləndirilməsi məqsədinə xidmət edib.












