Şərurda gənclər üçün “Liderlik və İnkişaf” düşərgəsi keçirilir - FOTO
Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər üçün “Liderlik və şəxsi inkişaf” düşərgəsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 11–13 sentyabr tarixlərini əhatə edən düşərgədə 50 gəncin iştirakı təmin edilib.
Layihənin ilk günündə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov düşərgə iştirakçıları ilə görüşüb. Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Məcid Seyidov düşərgənin əhəmiyyətindən danışaraq belə layihələrin gənclərin sosial fəallığının artırılması, dünyagörüşünün genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir müavini qeyd edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi gənclərin hərtərəfli inkişafına və onların ictimai fəallığının artırılmasına şərait yaratmaqdır.
Görüş çərçivəsində iştirakçılar öz fikir və təkliflərini bölüşüb, müxtəlif məsələlərlə bağlı suallarını ünvanlayıblar.
Qeyd edək ki, düşərgənin proqramına müxtəlif təlimlər, idman və intellekt yarışları, əyləncəli oyunlar, o cümlədən komanda təqdimatları daxildir. Düşərgənin sonunda fəal iştirakçıların və qalib komandaların mükafatlandırılması nəzərdə tutulub.










