Kərki Azərbaycana qaytarılacaq

Kərki Azərbaycana qaytarılacaq - Ermənistan müxalifəti

11 Sentyabr 2026

Ermənistan müxalifəti Azərbaycanın Kərki kəndinin delimitasiya prosesi çərçivəsində geri qaytarılması ehtimalından narahatlığını açıq şəkildə ifadə etməyə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mediasına istinadən xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan və siyasi qüvvənin bir neçə deputatı ermənilərin “Tiqranaşen” adlandırdığı Kərki kəndinə gediblər.

Müxalifət nümayəndələri kənddə məskunlaşan ermənilərlə görüşüblər. Bildirilib ki, sakinlər yaşadıqları evləri tərk etmək istəmirlər.

Son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyanın yaşayış məntəqəsini tarixi Azərbaycan adı olan “Kərki” toponimi ilə təqdim etməsi müxalifətin narahatlığını artırıb. Hakimiyyətin əleyhdarları bunu delimitasiya çərçivəsində kəndin Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndirirlər.

Narek Karapetyan Kərkinin Azərbaycanın ərazi bütövlüyü baxımından hüquqi statusuna toxunmayaraq kəndin Ermənistanın nəzarətində saxlanılmasını istəyib. O, mövqeyini yaşayış məntəqəsindən Ermənistanın şimalını Sünik bölgəsi və İran sərhədi ilə birləşdirən strateji yolun keçməsi ilə əsaslandırıb.

Karapetyanın sözlərinə görə, həmin yol vasitəsilə ildə təxminən 2 milyon ton yük daşınır. Alternativ marşrutun dar dağ və kənd yollarından keçdiyini bildirən erməni siyasətçi Kərkinin geri qaytarılmasının Ermənistanın yükdaşımalarına təsir göstərəcəyini etiraf edib.

Beləliklə, Ermənistan müxalifətinin etirazının əsas səbəbinin sakinlərin vəziyyətindən daha çox, Azərbaycan kəndindən keçən strateji nəqliyyat yoluna nəzarəti itirmək qorxusu olduğu görünür.

Qeyd edək ki, Kərki Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna məxsus anklav kəndidir. Kənd 1990-cı ildə Ermənistan tərəfindən işğal edilib və hazırda bu ölkənin nəzarətindədir. Azərbaycan anklavların taleyinin delimitasiya prosesi çərçivəsində həll olunmasını gündəmdə saxlayır.