Şərurda gənclərin “Liderlik və şəxsi inkişaf” düşərgəsi başa çatıb

Şərurda gənclərin “Liderlik və şəxsi inkişaf” düşərgəsi başa çatıb - FOTO

14 Sentyabr 2026

Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər üçün “Liderlik və şəxsi inkişaf” düşərgəsi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 11–13 sentyabr tarixlərini əhatə edən düşərgədə 50 gənc iştirak edib.

Düşərgənin ilk günündə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov iştirakçılarla görüşüb. Görüş zamanı düşərgənin gənclərin sosial fəallığının artırılması, dünyagörüşünün genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyəti vurğulanıb. Gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Üç gün davam edən düşərgə çərçivəsində gənclərin şəxsi inkişafı, liderlik, özünüifadə və bədən dili, komanda ilə işləmə, sosial layihələrin hazırlanması və karyera planlaması istiqamətlərində təlimlər keçirilib. Proqram çərçivəsində, həmçinin yallı rəqsi üzrə ustad dərsi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, əyləncəli idman oyunları təşkil olunub.

Düşərgənin sonunda iştirakçılara sertifikat verilib, fərqlənən komandalar diplomla təltif olunub.

Layihənin əsas məqsədi gənclərin liderlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsi, komanda işi və sosial fəaliyyətə maraqlarının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.