Son iki il ərzində 10 min müəllim attestasiya olunub
Son iki il ərzində attestasiya olunan musiqi və incəsənət məktəblərində çalışan 10 min müəllimin 70 faizdən çoxu uğurlu nəticə göstərib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mədəniyyət Nazirliyi Elm və təhsil sektorunun müdiri Muraz Məmmədov dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsinə həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, bu dövr ərzində incəsənət müəllimləri üçün yeni fəaliyyət öhdəlikləri də formalaşıb:
"Bunlara ehtiyaclara uyğun təlimlər, işə qəbulda yeni yanaşmalar, ali təhsil müəssisələri ilə sistemli əməkdaşlıq, nəticələrə əsaslanan diferensial əməkhaqqı və optimal dərs bölgüsü daxildir".
M.Məmmədov onu da qeyd edib ki, attestasiya nəticələrinə əsasən, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin dərs saatlarının artması ilə paralel olaraq orta əməkhaqqı 25 faiz yüksəlib.
Xatırladaq ki, aprelin 29-da Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə təsdiqlədiyi Qanuna əsasən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq.








