Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək

Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək

24 İyun 2026

Yeni neyron şəbəkələri yaxın aylarda istənilən müdafiəni sındıra biləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "The Guardian" qəzeti "Five Eyes" (5 Göz - Qeyd) kəşfiyyat alyansının xəbərdarlığına istinadən məlumat yayıb.

Alyansa ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. Qərb kəşfiyyat orqanları yeni süni intellekt modellərinin təcili kibertəhdid yaratdığını və biznes üçün böyük risk hesab edilməli olduğunu vurğulayıb.

Süni intellekt təkcə şirkətlərin müdafiəsini yaxşılaşdırmağı deyil, həm də kibertəhdidləri miqyaslandırmağı, sürətləndirməyi və getdikcə daha mürəkkəbləşdirməyi öyrənir.

Nəşrin qeyd etdiyi kimi, ittifaq üzvləri adətən çox nadir hallarda açıq bəyanatlar verirlər. Bu xəbərdarlıq ABŞ administrasiyası "Anthropic" şirkətinə xarici istifadəçilərin ən güclü süni intellekt modellərinə - "Fable 5" və "Mythos 5"ə girişini bloklamağı əmr etdikdən sonra gəlib.

Qeyd edək ki, inkişaf etmiş süni intellekt modeli olan "Anthropic Mythos", nəzarətli təhlükəsizlik qiymətləndirməsi zamanı ABŞ-nin ən yüksək səviyyəli və nüfuzlu kəşfiyyat orqanlarından biri olan Milli Təhlükəsizlik Agentliyinin (NSA) "demək olar ki, bütün" məxfi sistemlərini cəmi bir neçə saat ərzində sındıra bilib.

Belə ki, model sadəcə müəyyən edilmiş problemləri həll etmək üçün kod bazasını təhlil edib və nəticədə əvvəllər məlum olmayan bir neçə kiçik səhvi aşkarlayıb. Tammiqyaslı hücum müdaxiləsi də baş verməyib.