VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim mərhələsi təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, olimpiadanın məqsədi şagirdlər arasında astronomiya elminə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin edilməsidir.
Olimpiada Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Onlayn seçim mərhələsində uğur qazanan şagirdlər BDU-da təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq, həmçinin 25 sentyabr – 5 oktyabr tarixlərində Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
Hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən keçiriləcək. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında bir həftəlik yay düşərgəsi təşkil olunacaq. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə şagirdlərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək. Komandanın beynəlxalq olimpiadada iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.
VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi–Bohm Planetariumunun baş sponsorluğu ilə reallaşdırılır.
Olimpiadada iştirak etmək istəyənlər https://www.oxuyan.az/@aao linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 31 yanvar saat 23:59-dək davam edəcək.
Qeyd edək ki, olimpiada 1 fevral tarixində saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən keçiriləcək.









