Amnistiya və əfvetmə hansı hallarda tətbiq edilə bilər? -

Amnistiya və əfvetmə hansı hallarda tətbiq edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

21 Yanvar 2026

Sual: Amnistiya və əfvetmə hansı hallarda tətbiq edilə bilər?

Cavab: Amnistiya və əfvetmənin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.  Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

CM-in 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.  

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev