Anar Bağırov: "Hüquq sistemində uşaqlar kifayət qədər səs sahibi deyillər"
"Uşaqlar xüsusilə həssas qrup kimi, hüquq sisteminin iştirakçısı olaraq çox vaxt kifayət qədər səs sahibi olmayan subyektlərdir" .
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və hüquq" adlı kitabın təqdimat mərasimində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, uşaqların hüquq qarşısında özlərini ifadə etmə imkanları məhduddur, sistemin dili onlar üçün anlaşılmaz ola bilir, psixoloji baxımdan bu proseslər son dərəcə ağır gəlir.
A.Bağırov bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası bununla bağlı kifayət qədər işlər görür:
"Məhz vəkilin də birinci vəzifəsi - bu maneələri aradan qaldırmaq, uşağa güvən vermək, onun danışa bilməyəcəyini düşündüyü anlarda onun səsi olmaqdır.
Məhkəmə proseslərində uşaq maraqlarının təmsilçisi kimi çıxış edən vəkil; ailə mübahisələrində uşağın hüquqlarını ön plana çıxaran müdafiəçi; himayə və övladlığa götürmə məsələlərini peşəkar şəkildə aparan mütəxəssis; törədilən cinayət nəticəsində zərərçəkən olan uşağa hüquqi yardım göstərən vəkil - bu insanlar, sadəcə, vəzifəsini yerinə yetirmir, onlar bir uşağın gələcəyini formalaşdırır. Uşağın hüquq sisteminə olan ilk baxışı çox vaxt vəkilin ona yanaşması ilə formalaşır. Əgər bu baxış ədalətli, mehriban və peşəkar olsa - o uşaq böyüyəndə hüquqa inanan bir vətəndaş olacaq. Əgər bu baxış soyuq və laqeyd olsa - o uşaq hüquqdan uzaqlaşacaq. Məsuliyyətimizin nə qədər böyük olduğu məhz bu nöqtədə aydın görünür".








