Naxçıvan məktəbliləri imtahanlarda ən yüksək nəticələri göstərib
2024–2025-ci tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri Naxçıvanın təhsil sahəsində əldə etdiyi uğurları bir daha nümayiş etdirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzinin illik hesabatına əsasən, XI siniflər üzrə buraxılış imtahanlarında ölkə üzrə ən yüksək orta nəticə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinə məxsus olub. Belə ki, Naxçıvan şəhərinin məktəbliləri 158,37 bal orta nəticə göstərərək ölkə birincisi olublar. Ordubad rayonunun şagirdləri də yüksək göstəriciləri ilə ölkə üzrə ilk beşlikdə yer alıblar.
IX siniflər üzrə buraxılış imtahanlarında isə Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrinin şagirdləri 143,08 bal orta nəticə ilə ölkə üzrə ikinci sırada qərarlaşıblar. Şahbuz rayonunun məktəbliləri də uğurlu nəticələri sayəsində ölkənin ən yaxşı beş rayonu sırasında yer alıblar.
Qeyd edək ki, əldə olunan nəticələr şagirdlərin zəhmətinin, müəllimlərin peşəkar fəaliyyətinin və təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu bəhrəsi kimi qiymətləndirilir.
Bu münasibətlə yüksək nəticə göstərən bütün şagirdləri, müəllimləri və valideynləri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.








