Qurtuluşdan başlanan zəfər yolu

Qurtuluşdan başlanan zəfər yolu

10 İyun 2026

Azərbaycanın müstəqillik tarixində elə hadisələr vardır ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrün siyasi hadisəsi kimi deyil, bütöv dövlətçilik konsepsiyasının formalaşmasına təsir göstərən strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi hadisələrdən biridir. Bu gün yalnız hakimiyyət dəyişikliyi və ya siyasi proses deyil, Azərbaycan dövlətçiliyinin qorunması, milli birliyin təmin edilməsi və müstəqilliyin möhkəmləndirilməsi baxımından taleyüklü mərhələ kimi xarakterizə olunur.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə üz-üzə qalmışdı. Mərkəzləşdirilmiş sovet idarəetmə sisteminin dağılması, Qarabağ müharibəsinin ağır nəticələri, iqtisadi tənəzzül, hakimiyyət uğrunda siyasi qarşıdurmalar ölkədə ciddi böhran vəziyyəti yaratmışdı. 1993-cü ilin yayında isə vəziyyət daha da kəskinləşərək vətəndaş qarşıdurması təhlükəsi səviyyəsinə yüksəlmişdi. Həmin dövrdə Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək və vətəndaş müharibəsinə sürüklənmək təhlükəsi ilə üzləşmişdi. 

1993-cü ilin iyun hadisələri Azərbaycanın müasir tarixində ən mürəkkəb mərhələlərdən biri hesab olunur. Gəncə qiyamı fonunda ölkədə siyasi hakimiyyətin idarəetmə imkanları zəifləmiş, mərkəzi hakimiyyət üzərində nəzarət faktiki olaraq sarsılmışdı. Ayrı-ayrı siyasi qruplar arasında qarşıdurma dərinləşir, dövlət institutları iflic vəziyyətinə düşürdü. Mövcud vəziyyət Azərbaycanın yalnız siyasi sabitliyini deyil, ərazi bütövlüyünü və müstəqilliyini də ciddi təhlükə altında qoymuşdu. 

Belə mürəkkəb şəraitdə Azərbaycan cəmiyyətində ümummilli həmrəyliyin təmin olunması və böhrandan çıxış yollarının müəyyənləşdirilməsi zərurəti yaranmışdı. Məhz həmin dövrdə xalqın, eləcə də o dövrdəki mövcud hakimiyyətin tələbi ilə Naxçıvanda fəaliyyət göstərən müdrik dövlət xadimi Heydər Əliyev Bakıya dəvət edildi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi sonrakı siyasi proseslərin istiqamətini müəyyənləşdirən əsas hadisə oldu. Bu tarix Milli Qurtuluş Günü kimi müasir dövlətçilik tariximizə daxil edildi. 

Milli Qurtuluş Gününün siyasi mahiyyətini yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşdırmaq doğru olmaz. Əslində burada söhbət dövlətin dağılmaq təhlükəsindən xilas edilməsindən gedir. 1993-cü ildən sonra Azərbaycanda ilk növbədə siyasi sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Dövlət idarəçiliyi bərpa olundu, hüquqi institutların fəaliyyəti yenidən təşkil edildi, separatizm və siyasi qarşıdurmaların qarşısı alındı. 

Ümummilli lider Heydər Əliyev deyirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Azərbaycanın 1993-cü ildə üzləşdiyi böhran məhz bu həqiqəti bir daha ortaya qoymuşdu. Milli Qurtuluş hadisəsi müstəqilliyin formal siyasi aktdan real dövlətçilik modelinə keçidinin başlanğıcı oldu. Milli Qurtuluşdan sonra Azərbaycanda yeni dövlətçilik konsepsiyası formalaşdırıldı. Bu konsepsiyanın əsas istiqamətləri aşağıdakılardan ibarət idi:

-siyasi sabitliyin təmin olunması; 

-milli həmrəyliyin gücləndirilməsi; 

-dövlət institutlarının möhkəmləndirilməsi; 

-beynəlxalq münasibətlər sisteminə inteqrasiya; 

-bazar iqtisadiyyatına keçid; 

-hüquqi dövlət quruculuğu. 

Məhz bu dövrdə Azərbaycanın gələcək inkişaf strategiyasının əsasları müəyyənləşdirildi. Sonrakı illərdə qəbul olunan Konstitusiya, hüquqi islahatlar, iqtisadi proqramlar və beynəlxalq layihələr həmin strateji xəttin tərkib hissəsi kimi meydana çıxdı. 

15 İyun hadisələrinin ən mühüm nəticələrindən biri ölkədə iqtisadi sabitliyin formalaşdırılması üçün şəraitin yaranması oldu. Siyasi sabitlik olmadan iqtisadi inkişafın mümkün olmadığı nəzərə alınarsa, Milli Qurtuluşun iqtisadi əhəmiyyəti daha aydın görünür. Belə ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişaf strategiyasında yeni mərhələnin əsasını qoydu. Xarici investisiyaların cəlb olunması, enerji layihələrinin reallaşdırılması və beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi məhz Milli Qurtuluşdan sonra formalaşmış sabit siyasi mühitin nəticəsi idi. Sonrakı illərdə Azərbaycanın iqtisadi inkişaf modeli regional lider dövlət statusunun formalaşmasına imkan verdi. Neft gəlirlərinin iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və sosial proqramların genişləndirilməsi bu siyasətin mühüm nəticələri oldu.

15 İyun hadisələrinin mühüm nəticələrindən biri də Azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətinə çevrilməsi idi. Müstəqilliyin ilk illərində müxtəlif siyasi və ideoloji qütbləşmələrin mövcud olduğu şəraitdə Azərbaycançılıq milli birliyin ideoloji platforması kimi çıxış etdi. Bu ideologiya ölkədə yaşayan bütün vətəndaşların vahid dövlətçilik prinsipləri ətrafında birləşməsinə xidmət etdi. Azərbaycançılıq təkcə etnik və ya mədəni anlayış deyil, müstəqil dövlətə sədaqət, milli maraqların qorunması və vətəndaş həmrəyliyi prinsiplərini özündə birləşdirən siyasi konsepsiya kimi formalaşdı.

Qurtuluşdan başlanan müasir tariximizin dövlətçilik modeli ölkənin hərbi, iqtisadi və siyasi potensialının güclənməsinə imkan yaratdı. Nəticədə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı və ərazi bütövlüyünü bərpa etdi. Cəsarətlə demək olar ki, müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin təməlində 1993-cü ildən sonra yaradılmış sabitlik və inkişaf strategiyası dayanır. Bu gün 15 İyun yalnız tarixi hadisənin xatirəsi deyil, dövlətçilik təfəkkürünün mühüm elementi kimi çıxış edir. Milli Qurtuluş Günü Azərbaycan xalqının mürəkkəb tarixi şəraitdə milli maraqlar naminə birləşmək bacarığını, dövlətçilik ənənələrinin gücünü və siyasi liderliyin əhəmiyyətini nümayiş etdirən tarixi nümunədir.

Müasir dövrdə geosiyasi proseslərin mürəkkəbləşdiyi şəraitdə Milli Qurtuluş ideyasının əsas mesajları kimi milli birlik, siyasi sabitlik, güclü dövlətçilik və müstəqilliyin qorunması prinsipləri öz aktuallığını qorumaqdadır.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunmasının, siyasi sabitliyin təmin edilməsinin və milli inkişaf strategiyasının başlanğıc nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu tarix yalnız bir siyasi hadisə deyil, Azərbaycan dövlətinin müstəqil inkişaf yolunun müəyyənləşdirildiyi dönüş mərhələsidir. Milli Qurtuluş Azərbaycanın müstəqilliyini qoruyaraq onu sabitlik, inkişaf və beynəlxalq nüfuz mərhələsinə çıxaran siyasi iradənin təcəssümü kimi də qiymətləndirilə bilər. Bu baxımdan 15 İyun Azərbaycan dövlətçilik tarixində təkcə keçmişin deyil, həm də gələcəyin strateji istiqamətlərini müəyyənləşdirən tarixi hadisə olaraq qalır.

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməllər üzərində yenidən yüksəlişinin başlanğıcıdır. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, regionun aparıcı siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi, eləcə də beynəlxalq münasibətlər sistemində artan nüfuzu 15 İyun Milli Qurtuluş Günündən başlanan dövlət quruculuğu strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət kursu ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış milli dövlətçilik konsepsiyasının müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsini təmin etmiş, Azərbaycanın suverenliyini, təhlükəsizliyini və beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və çoxtərəfli diplomatiyada qazandığı uğurlar göstərir ki, qurtuluşla başlanan strateji inkişaf xətti bu gün də davam edir və yeni tarixi yüksəliş mərhələsini yaşayır.

Əli HƏŞİMOV

Ali Məclisin deputatı