Azərbaycan Ordusu: gücün, iradənin və Zəfər ruhunun təcəssümü
Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların mahiyyətini yalnız hərbi nəticələrlə izah etmək mümkün deyil. Bu hadisələr xalqın milli iradəsini, dövlətin siyasi qətiyyətini və Vətən uğrunda canından keçməyə hazır olan insanların fədakarlığını özündə birləşdirir. Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu da məhz belə şərəfli tarixdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin əsas təminatlarından biridir. Güclü ordunun formalaşdırılması isə bir günün və ya bir ilin işi deyil. Bu, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin, ardıcıl ordu quruculuğunun, müasir hərbi texnologiyaların tətbiqinin, peşəkar kadr hazırlığının və ən əsası, Vətənə bağlı hərbi qulluqçuların yetişdirilməsinin nəticəsidir.
Azərbaycanın müasir ordu quruculuğu ənənələrinin əsasları Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə daha sistemli şəkildə formalaşdırılmışdır. Milli hərbi kadrların hazırlanması, hərbi təhsil sisteminin inkişaf etdirilməsi və ordunun dövlətçilik siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi həmin dövrün mühüm nailiyyətlərindəndir.
Bu siyasət sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilmişdir. Müasir silah və hərbi texnikanın alınması, hərbi sənaye imkanlarının genişləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbi təhsilin inkişaf etdirilməsi Azərbaycan Ordusunun gücünün daha da artırılmasına xidmət etmişdir.
Ali Baş Komandanın ordu quruculuğuna diqqəti yalnız maddi-texniki təminatla məhdudlaşmamışdır. Müasir döyüş şəraitinin tələblərinə cavab verən peşəkar hərbi kadrların hazırlanması, gənc zabitlərin praktiki bacarıqlarının artırılması, müxtəlif ixtisaslar üzrə təlimlərin keçirilməsi, hərbi qulluqçuların fiziki və psixoloji hazırlığının gücləndirilməsi də daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti və peşəkarlığı Vətən müharibəsində öz parlaq ifadəsini tapdı. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq, əzmkarlıq və peşəkarlıq xalqımızın Zəfər tarixinin ən şanlı səhifələrindən birini yazdı. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və ordumuzun gücünün təntənəsi oldu.
Azərbaycan Ordusunun sonrakı mərhələdə də inkişaf etdirilməsi ölkəmizin təhlükəsizliyinin və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə keçirilən hərbi təlimlər, məşğələlər və hazırlıq tədbirləri də ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanıldığını göstərir.
Bu gün Azərbaycan əsgəri yalnız müasir silah və texnika ilə deyil, həm də yüksək mənəvi-psixoloji hazırlığı, Vətən sevgisi və Zəfər ruhu ilə seçilir. Ordumuzun gücü onun texniki imkanları ilə yanaşı, şəxsi heyətin peşəkarlığında, intizamında və Vətənə sədaqətindədir.
Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu bir daha göstərir ki, güclü dövlətin əsas dayaqlarından biri güclü və peşəkar ordudur. Bu ordu xalqımızın təhlükəsizliyinin, dövlətimizin suverenliyinin və gələcək nəsillərin dinc həyatının etibarlı təminatıdır.
Bu gün hər bir azərbaycanlı Azərbaycan Ordusunun qazandığı Zəfərlə qürur duyur. Ordumuzun gücü, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti Azərbaycanın qarşıdakı inkişaf mərhələlərinin də möhkəm təminatıdır.
Əli ƏLİSOY
Vətən müharibəsi iştirakçısı, YAP Şərur rayon təşkilatının fəal üzvü








