Azərbaycanda əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq

Azərbaycanda əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq

31 Mart 2026

Azərbaycanda əmək miqrasiyası sahəsində ikitərəfli sazişlərin hazırlanması nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, eyni zamanda əməyin mühafizəsi sahəsində beynəlxalq standartlar əsasında yeni dövlət standartlarının təsdiq edilməsi planlaşdırılır. Bu prosesin cari ilin iyul ayına qədər yekunlaşdırılması gözlənilir.

Bundan başqa, işçilərin hüquqlarının qorunması məqsədilə "Əmək və məşğulluq" altsisteminin funksionallığının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Özünüməşğulluq proqramı çərçivəsində mövcud dəstək mexanizmlərinin təkmilləşdirilməsi və ya yeni mexanizmlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması da planlaşdırılır. Həmin tədbirlərin cari ilin sonuna qədər icrası nəzərdə tutulur.

Bütün tədbirlərin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək.