Azərbaycanın çoxşaxəli xarici siyasəti və beynəlxalq tərəfdaşlığın yeni perspektivləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, həyata keçirdiyi çoxşaxəli xarici siyasətin və dost dövlətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə etdiyi uğurların əhatəli təqdimatı baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin möhkəm tarixi təməllərə söykənməsidir.
Bu tarixi ənənələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın xarici siyasətinin ardıcıllığını və strateji mahiyyətini nümayiş etdirir. 2014-cü ildə dövlətimizin başçısının Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri, 2025-ci ilin mayında isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyir.
Müsahibədə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü məsələsində Vyetnamın nümayiş etdirdiyi prinsipial mövqeyə xüsusi minnətdarlıq ifadə olunması da diqqətəlayiqdir. Prezident İlham Əliyev Vyetnamın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi tutduğu ədalətli mövqeyi yüksək qiymətləndirib. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığa verdiyi önəmin növbəti ifadəsidir.
Dövlət başçısının müsahibəsində iqtisadi-ticari əməkdaşlıq məsələləri də geniş yer tutur.
Xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın inkişafı mühüm perspektivlər vəd edir. 2025-ci ildə imzalanmış anlaşma memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətləri əhatə edir. Vyetnam şirkətlərinin Azərbaycanda infrastruktur, tikinti və bərpaolunan enerji layihələrinə maraq göstərməsi də iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə genişləndiyini təsdiqləyir.
Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanları da müsahibədə xüsusi vurğulanıb. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəmiz ərazisindən tranzit yükdaşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu sahədə əldə edilən irəliləyişin göstəricisidir. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnam mallarının Avropa bazarlarına çatdırılması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirə bilər.
Müsahibənin mühüm istiqamətlərindən biri də humanitar, elmi, təhsil və mədəni əlaqələrdir. Prezident İlham Əliyev bu münasibətlərin xalqlar arasında dostluq körpüsü olduğunu xüsusi qeyd edib. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək, müxtəlif təhsil proqramlarının maliyyələşdirilməsi Azərbaycan xalqının humanizm və xeyirxahlıq ənənələrinin beynəlxalq miqyasda təzahürüdür.
Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış tarixi və mənəvi bağlılığın göstəricisidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da bu dostluğun rəmzi əhəmiyyətini daha da artırıb. Eyni zamanda, Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, vyetnamlı şair Mai Van Phanın əsərlərinin Azərbaycan dilində nəşri mədəni əməkdaşlığın inkişafına yeni töhfələrdir.
Azərbaycanın Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi humanitar dəstək də dövlətimizin beynəlxalq həmrəylik və qarşılıqlı yardım prinsiplərinə sadiqliyini nümayiş etdirir. 2024-cü ildə “Yaqi” tayfununun, 2025-ci ildə isə genişmiqyaslı daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçün göstərilən maliyyə yardımı dostluğun yalnız siyasi bəyanatlarda deyil, real əməllərdə də öz əksini tapdığını göstərir.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri ərəfəsində verdiyi bu müsahibə iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi mesajlarla zəngindir. Dövlət başçısının vurğuladığı kimi, Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi, Azərbaycan isə Cənubi Qafqazın əsas nəqliyyat-logistika və enerji mərkəzlərindən biridir. Bu üstünlüklərin qarşılıqlı şəkildə əlaqələndirilməsi yeni bazarlara çıxış, birgə investisiya layihələrinin həyata keçirilməsi və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət kursunun növbəti uğurlu təqdimatıdır. Bu müsahibə bir daha göstərir ki, Azərbaycan yalnız öz regionunda deyil, Asiya və digər qitələrdə də etibarlı tərəfdaş kimi qəbul olunur. Tarixi dostluğun müasir strateji tərəfdaşlığa çevrilməsi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət Azərbaycanın dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və etimada əsaslanan münasibətlər qurmasına geniş imkanlar açır. Vyetnamla münasibətlərin yeni inkişaf mərhələsi isə bu siyasətin uğurlu nəticələrinin bariz nümunəsidir. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı qarşıdakı illərdə hər iki xalqın rifahına, dövlətlərimizin iqtisadi inkişafına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatl, xalq artisti








