Şərur Rayon İcra Hakimiyyətində Dövlət Proqramının icrası ilə əlaqədar görüş keçirilib - FOTO
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin idarə edilməsi Mərkəzinin direktoru dövlət proqramının icrası ilə əlaqədar yaradılmış Torpaq/suvarma qrupunun rəhbəri Firidun Tağıyevin iştirakı ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin Şərur rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə məsələləri barədə məlumat verib.
Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün ardından təsərrüfat subyektlərində görülən işlərlə yerində tanış olmaq məqsədilə təsərrüfatlara baxış keçirilib. Baxış zamanı quşçuluq, bağçılıq, balıqçılıq və istixana təsərrüfatı sahiblərinin qarşılaşdıqları problemlər dinlənilib. Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə məlumat verilərək, mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində müvafiq tövsiyələr verilib.














