Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ərim yaşadığımız mənzili bacısının adına keçirib. Boşanma zamanı həmin evdən pay tələb edə bilərəmmi?
Cavab: Bəli, tələb edə bilərsiniz. Nikah dövründə əldə edilmiş əmlak üzərində sərəncam verilməsi (bağışlanma və ya alqı-satqı) zamanı digər tərəfin razılığı mütləqdir. Razılıq olmadan bağlanmış müqavilə etibarsız hesab edilə bilər və bu halda ər və ya arvad həmin əmlakdan öz payını tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı və Ailə Məcəlləsinin 33.3-cü maddələrinə əsasən, ər və ya arvad digərinin razılığı olmadan ümumi əmlak üzərində sərəncam əqdi bağladıqda və əqdin digər tərəfi bu razılığın olmadığını bildikdə və ya bilməli olduqda, həmin əqd razılığı olmayan tərəf tərəfindən mübahisələndirilə bilər.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli








