Elbrus İsayev: 2026-cı il memarlıq sahəsində yeni ideyaların və layihələrin ili olacaq
Azərbaycan Respublikasının Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizin çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinə verilən yüksək dəyərin ifadəsidir.
Bu qərar ali təhsil müəssisələri, xüsusilə memarlıq və mühəndislik sahəsində kadr hazırlığı aparan Naxçıvan Dövlət Universiteti qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.
NDU-nun rektoru Elbrus İsayev bildirib ki, Sərəncam işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, ağıllı şəhər və kənd layihələrinin davamı kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın tarixi şəhərsalma mədəniyyəti minilliklərə söykənir və bu ənənələr müasir yanaşmalarla yeni mərhələyə qədəm qoyur.
Rektor vurğulayıb ki, Naxçıvan qədim memarlıq məktəbi ilə tanınan bölgələrdən biridir və Əcəmi Naxçıvani irsi bu mədəniyyətin zirvəsidir. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" ilə Əcəmi Əbubəkr oğlunun 900 illik yubileyinin üst-üstə düşməsi xüsusi əhəmiyyət daşıyır.
Bu çərçivədə Naxçıvanda tarixi abidələrin bərpası, Naxçıvan şəhərinin Baş planının hazırlanması və Möminə xatun türbəsində aparılan bərpa işləri davam etdirilir.
Elbrus İsayev qeyd edib ki, bu proseslər Naxçıvan Dövlət Universitetində Memarlıq və mühəndislik fakültəsinin fəaliyyətini daha da gücləndirir. Universitetdə memarlıq üzrə yerli və xarici tələbələrin təhsili, elmi tədqiqatlar, doktorantura proqramları genişlənir.
2026-cı ildə Memar Əcəmi adına Yaradıcılıq Mərkəzinin yaradılması, beynəlxalq konfransın təşkili və İstanbul Memar Sinan Universiteti ilə əməkdaşlıq planlaşdırılır.
Rektor əminliyini bildirib ki, “Şəhərsalma və Memarlıq İli” gənclərin bu sahəyə marağını artıracaq, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycanın memarlıq-mədəni irsinin elmi əsaslarla qorunmasına mühüm töhfə verəcək.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








