Elektron attestatların verilməsinə başlanılıb
2025-2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Bununla da 2026-cı il məzunları attestatlarını myGov platforması üzərindən əldə edə bilirlər.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.
Məzunlar elektron attestatlarını myGov-un veb versiyasında “Təhsil məlumatlarım” bölməsinə daxil olaraq “Elektron təhsil sənədlərim” hissəsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.
Elektron attestatın həqiqiliyini sənədin üzərində yerləşdirilən QR kod vasitəsilə, həmçinin edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və məzunun doğum tarixini daxil etməklə yoxlamaq mümkündür.
MÜTDA-dan qeyd olunub ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.
Yeni sistem məzunların təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etməsinə imkan yaradır.








