Wood Nobel Energy Naxçıvan Enerji Layihəsinin FEED işlərini həyata keçirəcək

Wood Nobel Energy Naxçıvan Enerji Layihəsinin FEED işlərini həyata keçirəcək

11 Avqust 2026

“Wood Nobel Energy” şirkəti Azərbaycanda həyata keçiriləcək Naxçıvan Kombinə Edilmiş Dövriyyəli İstilik Elektrik Stansiyası layihəsi üzrə ilkin mühəndis-layihələndirmə (FEED) müqaviləsinin icraçısı seçilib. Strateji əhəmiyyət daşıyan bu layihə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasına və ixracın həyata keçirilməsinə mühüm töhfə verəcək.

“SOCAR Midstream Gas Operations”ın sifarişi əsasında həyata keçiriləcək FEED mərhələsi layihənin texniki həllərinin formalaşdırılmasını və icra konsepsiyasının müəyyən edilməsini əhatə edəcək. Bu mərhələ layihənin növbəti mühəndislik, təchizat və tikinti işlərinin həyata keçirilməsi üçün əsas təşkil edəcək.

Ənənəvi elektrik stansiyaları ilə müqayisədə daha yüksək səmərəliliyə malik olacaq Naxçıvan Kombinə Edilmiş Dövriyyəli İstilik Elektrik Stansiyasında istehsal prosesi zamanı yaranan və adətən itkiyə gedən istilik enerjisi bərpa edilərək təkrar istifadə olunacaq. Stansiya gələcəkdə istehsal gücünün artırılması imkanları nəzərə alınmaqla layihələndirilir.

Layihə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 418 nömrəli “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncam Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və ixracın həyata keçirilməsini nəzərdə tutur.

“Wood Nobel Energy” birgə müəssisəsi “Wood” şirkətinin qlobal mühəndislik və enerji infrastrukturu sahəsindəki təcrübəsini “Nobel Energy” şirkətinin Azərbaycan bazarı üzrə bilikləri, yerli kadr potensialı və təchizat zənciri imkanları ilə birləşdirir. Şirkət beynəlxalq texniki standartlara və qabaqcıl mühəndislik təcrübəsinə əsaslanaraq ölkədə yüksək keyfiyyətli mühəndislik xidmətləri göstərir.

Stansiya mövcud və perspektiv infrastruktur imkanlarından səmərəli istifadəni təmin edən ərazidə inşa ediləcək. Bu yanaşma layihənin icrasının optimallaşdırılmasına və gələcək istismar səmərəliliyinin artırılmasına imkan verəcək.

“Wood” şirkətinin Azərbaycandakı direktoru Orxan İsmayılov bildirib:

“Bu layihə Azərbaycanda fəaliyyətimizin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir və qlobal mühəndislik təcrübəsinin güclü yerli icra potensialı ilə birləşdirilməsinin üstünlüklərini bir daha nümayiş etdirir. “Wood Nobel Energy” vasitəsilə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionun uzunmüddətli sosial-iqtisadi inkişafını dəstəkləyən strateji infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verməkdən məmnunuq.”

Layihələndirmə mərhələsi ərzində “Wood Nobel Energy” texniki cəhətdən etibarlı, istismar baxımından səmərəli və sifarişçinin, eləcə də regionun uzunmüddətli inkişaf hədəflərinə uyğun həllərin hazırlanmasına xüsusi diqqət yetirəcək.