Fitrə zəkatı: Ramazan bayramının ruhani əhəmiyyəti
Ramazan ayının sonunda hər bir müsəlmanın yerinə yetirməsi vacib olan ibadətlərdən biri də fitrə zəkatıdır. Bu ibadət, həm oruc tutarkən yol verilmiş xırda nöqsanların bağışlanmasına, həm də cəmiyyətin kasıb və imkansız üzvlərinə yardım edilməsinə xidmət edir. Fitrə zəkatı, İslamın sosial ədaləti və yardımlaşma ruhunu ön plana çıxaran vacib prinsiplərindən biridir.
Fitrə sözü ərəb mənşəli olub "orucu açmaq", "iftar etmək" və "yaradılış" mənalarını ifadə edir. Bu anlayış iki əsas mənada işlənir: biri, Ramazan ayının sona çatması və bayram günü verilən sədəqəni ifadə edir; digəri isə insanın yaradılışı ilə bağlıdır. Fitrə zəkatı, hər bir müsəlmanın Allah qarşısında üzərinə düşən bir borc olaraq qəbul edilir və bu səbəbdən, həm Ramazan ibadətinin tamamlanmasının, həm də insanın fitrətinin bir tələbi kimi görülür.
Ramazan ayı Allah-Təalanın bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biridir. Bu ay boyunca müsəlmanlar oruc tutmaqla nəfslərini tərbiyə edərək Allahın razılığını qazanmağa çalışırlar. Ramazanın başa çatması ilə müsəlmanlar üçün əlamətdar günlərdən biri – Fitir bayramı başlayır. Bu bayram paylaşma, qardaşlıq və sevinc günüdür. Bayramın ən vacib simvollarından biri isə məhz fitrə zəkatıdır ki, bu, həm ibadətimizin kamilliyini, həm də sosial məsuliyyətimizi ifadə edir.
Peyğəmbərimiz (s.a.s) fitrə zəkatının hər bir müsəlmana – kişi və qadın, böyük və kiçik fərq etmədən vacib olduğunu bildirərək, onun əsasən xurma və ya arpa şəklində verilməsini tövsiyə etmişdir. Fitrə zəkatı əsasən qida məhsulları – düyü, makaron, qarabaşaq, noxud, kişmiş və digər gündəlik ərzaq məhsulları ilə ödənilir.
Bu zəkat yalnız ehtiyacı olan kasıblara verilməlidir. Peyğəmbərimiz (s.a.s) fitrə zəkatının əsas məqsədinin imkansız müsəlmanların bayram sevincini hiss etmələri və aclıq çəkməmələri olduğunu vurğulamışdır. Ona görə də bu zəkatı ehtiyacı olmayan insanlara vermək məqsədəuyğun deyil.
Fitrə zəkatı bayram namazından əvvəl verilməlidir. Peyğəmbərimiz (s.a.s) müsəlmanların bayram namazına oruclu halda getməmələrini və namazdan öncə qida qəbul etmələrini tövsiyə etmişdir. Bayram namazı, orucun sona çatdığını simvolizə edir və müsəlmanların birlik və bərabərlik içində bu əlamətdar günü qeyd etmələrinin bir göstəricisidir.
Ramazanın son günlərinə yaxınlaşdığımız bu günlərdə, fitrə zəkatımızı düzgün və layiqli şəkildə yerinə yetirmək hər bir müsəlmanın borcudur. Bu müqəddəs günlərdə ehtiyacı olan insanlara dəstək olmaq, Allahın bizə bəxş etdiyi nemətlərə şükür etmək və bayramın sevincini hər kəs üçün hiss etdirə bilmək böyük əhəmiyyət daşıyır. Gəlin bu mübarək bayramı paylaşım, mərhəmət və xeyirxahlıq ruhu ilə qeyd edək.
Əli ORUCOV
Naxçıvan Muxtar Respublikası Qazısı