
Vətən sevdası
Ümummilli lider Heydər Əliyev: Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq –budur vətənpərvərlik.
Bir vətən sevdası gəzir başımda,
Qeyri bir aşiqlik yox yaddaşımda.
Yurdumun hər yeri əzizdir mənə,
Ayrılsam qərq ollam gözüm yaşında.
Bəli, Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi bir hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir. Vətən sevgisi məhz bunların əməlində doğur, böyüyür və insanları bu ruhda tərbiyə almağa çağırır.
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.
Ümummilli liderimiz Heydər Əliyev məhz buna görə də Azərbaycan gəncliyinə milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmağı, vətənpərvər olmağı tövsiyə edirdi: "Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur... Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclər bizim tariximizi, keçmişimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".
Vətənpərvərlik ana laylalarıyla başlayır. Böyüdükcə insanın qanına hopur. Sonra məkrəb illərində vətən sevgisi təbliğ edilir.
Vətənə olan sevgi, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yer alır. Gələcək nəsil bunlardan bəhrələnərək vətənpərvərlik ruhunda tərbiyə alır.
Atalar sözlərimizdə Vətən haqqında çox ibrətamiz fikirlər var. Bəzilərinə diqqət yetirək:
"Gözsüz yaşamaq olar, Vətənsiz yox"
"Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır"
"Vətənə gəldim, imana gəldim"
"Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir"
"Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir
"Vətən viranə də olsa, cənnətdir"
"Vətən elin evi, dayağıdır".
Vətən torpağının müqəddəsliyi, aliliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızda da yer alır. Məşhur dastanımız olan "Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Dastanda Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri "Vətən haqqı ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanır, onu göz bəbəyi kimi qoruyur, düşmənə bir qarış torpağı belə güzəştə getmirlər.
Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
Xəzanımdır, xəzanımdır, xəzanım.
Şair vətənə olan sevdisini daha ulvi bir şəkildə bizlərə təqdim edir:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Bəli, Vətən namusdur, şərəfdir, eşqdir, candır, qandır. Vətən qorunacaq hədəfdir!
Vətəni sevmək, onu göz bəbəyi kimi qorumaq, onun gözəlliklərinə heyran olmaq, dağına, daşına, torpağına vurulmaq hər bir insan üçün ali hissdir, doğma duyğudur.
Vənimiz bizə miras kimi yox, əmanət olaraq qalıb. Bu əmanəti qorumaq və gələcək nəsillərə buraxmaq bizim borcumuzdur. Vətən sevgisi müqəddəsdir və bəlkə də bütün sevgilərin ən böyüyüdür.
Kəmalə Ağayevanın dediyi kimi:
Mən azəri qızıyam, fəxr edirəm bu adla,
Vətən torpaqlarında gəzirəm bu büsatla.
Bu dünyanın ən gözəl bir guşəsi mənimdir,
Azərbaycan deyilən bir ölkə vətənimdir.
Fəxriyyə CƏFƏROVA