Naxçıvanda 3000-ə yaxın aztəminatlı ailə Prezidentin Sərəncamı ilə birdəfəlik maddi yardımla təmin olunacaq
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Sərəncama əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.
Sərəncam Naxçıvan Muxtar Respublikası üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan təqribən 2900 ailəni (12840 ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.








