NDU nəzdindəki Gimnaziyada şagirdlərlə görüş keçirilib -

NDU nəzdindəki Gimnaziyada şagirdlərlə görüş keçirilib - FOTO

25 İyun 2025

İyunun 25-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziyada ümumi orta təhsil pilləsini başa vuran şagirdlərlə görüş təşkil olunub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev gimnaziyanın fəaliyyətinin ölkədə həyata keçirilən təhsil islahatlarının və şəffaf idarəetmənin uğurlu nümunələrindən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan və 2023-cü ildən NDU-nun tabeliyinə verilən təhsil müəssisəsi bu gün yalnız muxtar respublika deyil, ölkə miqyasında rəqabətədavamlı nəticələri ilə seçilən bir mərkəzə çevrilib. Buraxılış imtahanlarında ölkə üzrə maksimum nəticə göstərən 9 şagirddən birinin məhz gimnaziyanın yetirməsi olmasını təhsil müəssisəsinin nüfuzunu daha da artırdığını rektor diqqətə çatdırıb.

Elbrus İsayev 2025-2026-cı tədris ilində gimnaziyada yeni ixtisaslaşma siniflərinin yaradılması, şagird və valideynlərlə maarifləndirici görüşlərin təşkili, eləcə də təhsil ekspertlərinin iştirakı ilə təlimlərin keçirilməsi kimi yeniliklərdən bəhs edib. Həmçinin yay tətili dövründə şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə vahid elektron sistem üzərindən tədqiqat xarakterli tapşırıqların təqdim olunacağını, təhsilin davamlı inkişafı naminə yenilikçi yanaşmaların tətbiq ediləcəyini söyləyib. Rektor gimnaziyanın nüfuzu və nəticələri fonunda ictimaiyyət arasında bura olan marağın, etimadın və qəbul imtahanlarına olan tələbatın ildən-ilə artaraq rəqabətin daha da gücləndiyini qeyd edib. Çıxışının sonunda müəllimləri  və şagirdləri təbrik edən Elbrus İsayev onlara yay tətili üçün Ağbulaq İstirahət Mərkəzində bir həftəlik düşərgə imkanı hədiyyə olunduğunu bildirib. 

Gimnaziyanın direktoru Nazim Rəhimov çıxışında 2024-2025-ci tədris ilində şagirdlərin buraxılış imtahanlarında yüksək nəticələr göstərdiyini vurğulayıb. Qeyd edib ki, gimnaziyanın şagirdi Rüqayyə Hüseynli maksimum nəticə olan 300 bal toplayaraq Naxçıvan üzrə birinci olub, ümumilikdə isə 61 məzundan 47-si fərqlənmə attestatına layiq görülüb, 58 nəfər isə 200-dən yuxarı nəticə göstərib.

Tədbirdə ümumi orta təhsil pilləsini başa vuran şagirdlərə attestatlar təqdim olunub və sonda xatirə fotosu çəkilib.  

Qeyd edək ki, 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə də gimnaziya öz nəticələri ilə fərqlənib. Belə ki, məzun olan şagirdlərin 34-ü 200-dən yuxarı bal toplayaraq 94 faizlik nəticə əldə ediblər. Həmçinin 24 şagird tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb.