
Naxçıvanda saxta alkoqollu içkilər aşkarlanaraq məhv edildi - FOTO
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlamalar zamanı məlum olub ki, satışda olan bir neçə adda alkoqollu içkilər Qida Təhlükəsizliyi Reyestrində qeydiyyatda olmayan müəssisələr tərəfindən istehsal olunub. Eyni zamanda, həmin məhsulların üzərində göstərilən istehsalçıların əslində mövcud olmadığı, mənşəyi, istehsalçının adı və ünvanı barədə dolğun məlumatların verilmədiyi müəyyən edilib.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, saxta məhsulların satışına son qoyulub. Ümumi həcmi 168 litr olan, 12 adda və müxtəlif həcmli 305 ədəd alkoqollu içki dövriyyədən çıxarılıb və məhv edilməsi barədə qərar verilib. Qərarın icrası 25 iyun 2025-ci il tarixində təmin edilib.
Qida Təhlükəsizliyi Agentliyi istehlakçıların hüquqlarının qorunması və təhlükəsiz qida təminatının gücləndirilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirəcək.