
Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan şəhərində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək bildirib ki, Azərbaycan Ordusu daim dövlətin və xalqın etimadını doğruldur, üzərinə düşən vəzifə və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirir. O, həmçinin qeyd edib ki, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda yetişməsi bu gün xüsusilə vacibdir və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər davamlı xarakter daşıyır.
Vətən müharibəsinin iştirakçıları – zabitlər Həsən İsmayılbəyli, Seyraqub İsmayılzadə və Sədat Cavadov döyüş yolundan, xidmətdə qazandıqları təcrübə və xatirələrdən danışıblar. Onlar çıxışlarında Azərbaycan Ordusunun gücündən, müasir hərbi potensialından, 44 günlük Vətən müharibəsi və digər hərbi əməliyyatlarda qazandığı Şanlı Qələbələrdən bəhs edərək, bu zəfərlərin hər bir gənc üçün fəxarət və örnək mənbəyi olduğunu vurğulayıblar.
Görüş zamanı əlamətdar gün münasibətilə müharibə iştirakçılarına səmimi təbriklər ünvanlanıb və onlara hədiyyələr təqdim olunub.