Rza Məmmədov: Bayram ərəfəsində aztəminatlı ailələrin maddi təminatına əlavə dəstək göstəriləcək

Rza Məmmədov: Bayram ərəfəsində aztəminatlı ailələrin maddi təminatına əlavə dəstək göstəriləcək

23 Dekabr 2025

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı sosial müdafiə tədbirlərinin genişləndirilməsinə xidmət edir.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Rza Məmmədov məlumat verib.

O, deyib ki, Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu məqsədlə ümumilikdə 15,3 milyon manat vəsait ayrılıb.

Rza Məmmədov bildirib ki, ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rol oynayır. 2018–2025-ci illər ərzində ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artırılaraq ölkə üzrə 425 manata çatdırılıb. Eyni dövrdə ehtiyac meyarının həddi 2,2 dəfə artırılaraq 285 manat müəyyən edilib və növbəti ildə bu göstəricinin 300 manata çatdırılması nəzərdə tutulur.

"Sərəncam Naxçıvan Muxtar Respublikası üzrə hazırda ünvanlı sosial yardımla təmin olunan təqribən 2 900 ailəni, ümumilikdə 12 840 ailə üzvünü əhatə edəcək. Bayram ərəfəsində veriləcək birdəfəlik maddi yardım onların maddi rifahının yaxşılaşdırılmasına əlavə töhfə olacaq".

"Birdəfəlik maddi yardım Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardım alan ailələrin bank hesablarına köçürüləcək", - deyə Fondun əməkdaşı qeyd edib.

Müsahibəni hazırladı:

Nəzrin Umay