Vəzifə səlahiyyətlərindən sui-istifadə... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Vəzifə səlahiyyətlərindən sui-istifadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda bu səlahiyyətlərdən istifadə etməməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin, cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulduqda aşağıdakı cəzalar tətbiq oluna bilər:
2000 manatdan 4000 manatadək cərimə;
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
2 ilədək müddətə islah işləri;
3 ilədək müddətə azadlığın məhdudlaşdırılması;
3 ilədək müddətə azadlıqdan məhrum etmə.
Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli








