
Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib - FOTO
Culfa rayonunda Culfa və Ordubad rayonu üzrə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Culfa rayonu üzrə bələdiyyələrdə təmsil olunanların 36.8%-ı, Ordubad rayonu üzrə isə 36%-ı qadınlardır deyən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirmişdir ki, yerli özünüidarəetmə orqanları cəmiyyətin gündəlik problemlərinə ən yaxın olan strukturlardır.
Bələdiyyələrdə qadınların təmsilçiliyinə dair statistik məlumatları təqdim edən Komitə sədri bildirmişdir ki, Culfa rayonu üzrə 1 şəhər və 22 kənd olmaqla ümumilikdə 23 ərazini əhatə edən 6 bələdiyyə fəaliyyət göstərir ki, 68 nəfər bələdiyyə üzvlərinin 36.8%-ni qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin 33.3%-i qadındır. 17 kəndi əhatə edən ərazinin bələdiyyə sədri kişi, 1 şəhər 5 kəndi əhatə edən əraziyə isə qadın bələdiyyə sədri rəhbərlik edir.
Həmçinin Ordubad rayonu üzrə isə 1 şəhər, 3 qəsəbə və 43 kənd olmaqla 47 ərazini əhatə edən 8 bələdiyyə fəaliyyət götərir ki, 86 nəfər bələdiyyə üzvlərinin 36%-ni qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin 37.5%-i qadınlardır. 1 şəhər 3 qəsəbə, 26 kəndi əhatə edən ərazinin bələdiyyə sədrləri kişi, 17 kəndi əhatə edən əraziyə isə qadın bələdiyyə sədri rəhbərlik edir.
Komitə sədri həmin orqanlarda qadınların təmsil olunmasının təkcə statistik göstərici deyil, həm də qərarların daha ədalətli, inklüziv və ehtiyaclara cavab verən şəkildə qəbul olunmasına bir zəmanət olduğunu vurğulamışdır. Komitə sədri çıxışında Ulu Öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində atdığı mühüm addımları vurğulayıb. O, xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qanunvericilik aktlarının qadınların cəmiyyətdə fəal rol almasına imkan yaratdığını qeyd edib. Çıxışda həmçinin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində görülən işlərin davam etdirildiyi bildirilib. Komitənin əsas fəaliyyət istiqamətlərindən biri – ailə institutunun gücləndirilməsi, qadınların ictimai-siyasi və iqtisadi həyatda fəallığının artırılması, həmçinin uşaqların hüquqlarının müdafiəsidir-deyən Komitə sədri bu məqsədlərə çatmaqda yerli icmaların mühüm rol oynadığını qeyd etmişdir. Komitənin nümunəvi əsasnaməsində və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən sənədlərdə bu əməkdaşlıq üçün hüquqi və funksional əsaslar müəyyən olunmuşdur.
Komitə sədri R.Seyidova çıxışı zamanı icmaların ümumi vəzifələri ilə yanaşı, Komitə ilə birgə əməkdaşlıq çərçivəsində yerinə yetirməli olduqları konkret funksiyalara da aydınlıq gətirərək bildirmişdir ki, sosial müdafiəyə ehtiyacı olan insanların müəyyənləşdirilməsi, onların müdafiəsi, qadınların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakı, uşaqların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Bu istiqamətlər yalnız hüquqi çərçivədə deyil, eyni zamanda sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. Komitə sədri, həmçinin ailə və qadın hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazasına, xüsusilə də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək bu istiqamətdə görülən işlərin hüquqi əsaslarını vurğulamışdır. Qeyd olunmuşdur ki, müvafiq komissiyalar yalnız inzibati funksiyaları yerinə yetirməklə məhdudlaşmır, həm də cəmiyyətdə zorakılığa qarşı sıfır tolerantlıq mühitinin formalaşdırılmasına töhfə verir. Komitə ilə birgə fəaliyyət və hüquqi əsasların mövcudluğu bu komissiyaların işinin daha səmərəli olmasına şərait yaradır. Çıxışının sonunda R.Seyidova qeyd etmişdir ki, bu sahədə görülən işlər davamlı şəkildə inkişaf etdirilməli və daha sistemli xarakter almalıdır. Çünki ortaq məqsədimiz aydındır: sağlam ailə, fəal və cəmiyyətə töhfə verən qadın, xoşbəxt və hüquqları qorunan uşaq!
Daha sonra Culfa bələdiyyəsinin sədri Elza Hüseyinli və Ordubad Bələdiyyəsinin sədri Mirümüd Mirbabalı çıxış edərək yerli idarəetmənin gender bərabərliyinin təmin olunmasının şəffaflıq və effektivliyin artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, gender bərabərliyi ictimai həyatın bütün sahələrində qadınlarla kişilərin eyni hüquqlara malik olması anlamına gəlir. Qeyd olunub ki, Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Tarixi fakt kimi vurğulanıb ki, Azərbaycan qadınları Şərqdə ilk dəfə seçki hüququ qazanmış və təhsil, ictimai-siyasi həyat sahələrində fəal iştirak etmişlər. Çıxışçılar müasir dövrdə də qadınların idarəetmə, parlament, elm və digər sahələrdə uğurla təmsil olunduqlarını diqqətə çatdırıblar.
Sonda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək komissiyaların fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. O, bildirib ki, gender bərabərliyinin təmin olunması, qadın və kişilər üçün bərabər imkanların yaradılması komissiyaların əsas vəzifələrindəndir. Z.Orucəliyeva vurğulayıb ki, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi vacib amillərdəndir. O, həmçinin gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması və hüquqi maarifləndirmənin artırılması istiqamətində komissiya üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Sonda iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bu işin cəmiyyət üçün əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçılar tədbirin təşkili üçün öz minnətdarlıqlarını bildirdilər.