Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib
Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq tenderləri ləğv olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qurumun rəsmi saytında yayımlanan məlumata görə, 2024-cü ilin avqustunda elan olunmuş tenderlərə həm tikinti işləri, həm də layihəyə nəzarət xidmətlərinin satınalması daxil idi.
Sənədlərdə tenderlərin ləğv edilməsinin əsas səbəbi kimi satınalmalarda rəqabətin aşağı olması göstərilib.
Məlumata görə, Rustavi–Tsiteli körpüsü və Algeti–Sadaxlo yol hissələri Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin bir hissəsini təşkil edir.
Layihə çərçivəsində ümumi uzunluğu 61,3 kilometr olan, 4 zolaqlı və işıqlandırma sistemi ilə təchiz edilmiş beton sürətli yolun tikintisi planlaşdırılırdı. Bundan əlavə, 26 körpü və 11 nəqliyyat qovşağının inşası nəzərdə tutulmuşdu.
Layihə dörd hissəyə bölünmüşdü və əvvəlki planlara əsasən tikinti işlərinə 2025-ci ildə başlanmalı, işlərin isə başlanmasından sonrakı 30 ay ərzində mərhələli şəkildə tamamlanması planlaşdırılırdı.
Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankı və Gürcüstan hökuməti tərəfindən birgə həyata keçirilirdi. Bank bu məqsədlə layihəyə 250 milyon avro kredit ayırmışdı.








