Hayrettin Çiçek: Naxçıvanda olmaqdan böyük məmnuniyyət duyuruq, Zəngəzur dəhlizi bölgəmiz üçün yeni imkanlar açır
Ardahan valisi Hayrettin Çiçək II Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak etmək üçün Naxçıvana səfər edib. Vali forum çərçivəsində "NAXÇIVANXƏBƏRLƏRİ"- nə verdiyi müsahibəsində bildirib ki, Naxçıvanda olmaqdan böyük məmnuniyyət duyur və keçirilən tədbir hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
O qeyd edib ki, forumdan əvvəl Qars və Iğdır valiləri, ticarət palatalarının rəhbərləri, sektor təmsilçiləri və Azərbaycanın Naxçıvan üzrə nümayəndəsi ilə birlikdə çox önəmli və faydalı bir görüş keçirilib.
“Liderlərimiz – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ortaya qoyulan "iki dövlət, bir millət" vizionu istiqamətində çalışmaq bizim üçün bir vəzifədir. Siyasətçidən bürokrata, sənayeçidən iş adamına qədər hər kəs bu vizionun gerçəkləşməsi üçün səylərini davam etdirməlidir”, – deyə o bildirib.
Hayrettin Çiçək xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra gündəmə gələn Zəngəzur dəhlizinin açacağı imkanlardan danışıb:
“Zəngəzur dəhlizi həm Naxçıvan üçün, həm sərhəd bölgələrimiz üçün (Qars, Ardahan, Ağrı, Erzurum), həm də uzun illərdir Naxçıvanla sıx ticarət əlaqələri olan bölgələr üçün yeni perspektivlər yaradır. Bu kimi forumlar gələcək əməkdaşlıq üçün çox əhəmiyyətlidir”.
Vali vurğulayıb ki, forum çərçivəsində Iğdır, Qars və Ardahandan olan iş adamları Naxçıvanlı sahibkarlarla görüşüb, əməkdaşlıq imkanlarını müzakirə ediblər:
“Iğdır iş adamlarının Naxçıvanla uzunmüddətli və yaxşı ticarət münasibətləri mövcuddur. Ardahan, Qars, Erzurum və Ağrıdan olan iş insanlarımızın da yaxın gələcəkdə bu bölgəyə investisiya qoyacağına inanırıq. Eyni zamanda, Azərbaycanlı və Naxçıvanlı iş adamları üçün də burada sərmayə yatırmaq üçün əlverişli şərait var. Gələcəkdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da güclənəcəyinə inanırıq”.
Müsahibəni hazırladı:
Nəzrin Umay








