İqtisadçı: Süni intellektsiz müasir iqtisadiyyat rəqabətə davamlı ola bilməyəcək
Azərbaycan yeni iqtisadi siyasət mərhələsinə keçid edir və bu prosesin əsas istiqamətlərindən biri süni intellektin iqtisadi sistemlərə inteqrasiyasıdır. İqtisadi transformasiyada rəqəmsallaşma, azad iqtisadi zonalar, yaşıl iqtisadiyyat və yeni texnoloji reallıqlar artıq həlledici rol oynayır.
Bu sözləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində iqtisadçı Cavadxan Qasımov bildirib.
Onun sözlərinə görə, süni intellekt iqtisadiyyata iki əsas istiqamətdə təsir göstərir: maliyyə dövriyyəsi və əmək bazarı.
İqtisadçı qeyd edir ki, bank sektorunda kredit risklərinin qiymətləndirilməsi, müştəri davranışlarının təhlili və bazar dəyişikliklərinin proqnozlaşdırılması süni intellekt vasitəsilə daha dəqiq həyata keçirilir.
Bəzj şirkətlər artıq real vaxtda maliyyə dövriyyəsini izləyir, valyuta və səhm bazarlarında operativ qərarlar qəbul edir, kapital axınlarını yüksək dəqiqliklə analiz edirlər. Bu isə maliyyə əməliyyatlarını daha şəffaf və çevik edir.
İqtisadçının sözlərinə görə, süni intellekt bəzi ənənəvi işləri ixtisara salsa da, yeni peşələr yaradır.
O, vurğulayır ki, süni intellekt insanların yerini tam tutmaqdan çox, onların əməyini gücləndirir, iş proseslərini sürətləndirir, səhvləri azaldır və qərarverməni optimallaşdırır.
Mütəxəssis hesab edir ki, texnologiyalar geniş imkanlar yaratsa da, insan nəzarəti tamamilə aradan qalxmamalıdır. İdarəetmənin bütünlüklə süni intellektə həvalə olunması risklidir.
O deyir ki, qlobal rəqabət artıq süni intellektdən istifadənin səviyyəsi ilə müəyyən olunur. Bu texnologiyadan effektiv yararlanan iqtisadiyyatlar daha dinamik inkişaf edir.
Müsahibəni hazırladı:
Nəzrin UMAY








