Uşaqlara qadağa qoymayın, onları düzgün istiqamətləndirin

Uşaqlara qadağa qoymayın, onları düzgün istiqamətləndirin - ŞƏRH

05 Noyabr 2025

Uşaqlar yalnız ailədən və sosial mühitdən deyil, həm də izlədiklərindən formalaşır. Lakin artıq bu formalaşma prosesi valideyn nəzarətindən çıxıb. Rəqəmsal platformaların algoritmləri uşaqların diqqətini, davranış modelini və emosional reaksiyalarını yönləndirir, nəticə olaraq, gələcəyimiz ekranlardan asılı qalır. Beləcə cəmiyyətin tənəzzülü gələcəyindən-uşaqlardan başlayır.

Mövzunu "Naxçıvan Qüsursuz Nitq Mərkəzi"nin icraçı direktoru Leyla Kərim "NAXÇIVANXƏBƏRLƏRİ"-nə şərh edib.

O, uşaqların son zamanlarda sosial şəbəkə və film izləmə vərdişlərində baş verən dəyişikliklərindən danışıb:

Uşaqların planlaşdırılandan daha erkən yaşda cihazlarla, sosial mediaya və qısa video kontentə yönəldiyi görülür.

Məsələn, 0-8 yaşlı uşaqların təxminən 40 %-i 2 yaşında planşetə malikdir. 

Uşaqların yaşına uyğun olmayan məzmunlara marağının artmasına münasibət bildirən icraçı direktor bunu  psixoloji, sosial, həm də texnoloji səbəblərlə izah edir. Onun sözlərinə görə,

uşaqlar, xüsusilə orta və yeniyetmə yaş dövründə  “böyüklər dünyasına daxil olma” meyli ilə yaşayırlar. Bu dövrdə “mənə qadağandırsa, deməli maraqlıdır” düşüncəsi yaranır. Sosial şəbəkələrdə uşaqlar bir-birlərinə hansı videonu izlədiklərini, hansı serial və ya oyunun “trend” olduğunu danışırlar. Uşaqlar “geri qalmaqdan qorxduqları” üçün yəni, digərləri baxır, mən baxmıram. Bu, “populyarlıq qazanmaq” və ya “qrupa aid olmaq” istəyindən doğur. Bir dəfə “yetkin mövzulu” videoya baxan uşaq, növbəti gün oxşar 10 video ilə qarşılaşır.

Nəticədə, təsadüfi maraq “davamlı izləmə davranışına” çevrilir. Valideynlər uşaqların yaşa uyğun olmayan məzmuna yönəlməsində tək səbəb deyil, amma şərtləndirici və qoruyucu faktor kimi böyük rol oynayır. Müasir valideynlər (iş yükü, stress, ev məsuliyyətləri səbəbindən) uşağın ekran qarşısında keçirdiyi vaxtı “rahatlıq mənbəyi” kimi qəbul edirlər. 

Uşaqların ekran vaxtlarını  valdeyinlərin necə tənzimləməli olduğu haqda danışan Leyla Kərim qeyd edir ki, effektiv nəzarət forması izah və birgə izləmədir. Uşağa niyə uyğun olmadığını, hansı təsirləri ola biləcəyini başa salmaq lazımdır. Bu tənqidi düşünmə bacarığını və məsuliyyət hissini inkişaf etdirir. Qadağa ilə empatiya arasında balans olmadıqda, uşaq kontenti gizlincə izləməyə meyllənir. Xüsusilə 10 yaşadək uşaqlar üçün “ortaq izləmə” çox vacibdir. Məsələn, film və ya video zamanı suallar verin: “Səncə bu davranış doğrudur?”, “Bu obraz nə hiss edir? Beləliklə, uşaq məzmunu düşünərək izləməyi öyrənir. 

Leyla Kərim uşaqların xarici, xüsusilə türk seriallarına meylinin mədəni kimliyə necə təsir edə biləcəyi haqda da danışıb: 

Uşaqların və yeniyetmələrin xarici  xüsusilə türk seriallarına meyli təkcə əyləncə vərdişi deyil, həm də onların mədəni kimlik formalaşmasına birbaşa təsir edən sosial-psixoloji hadisədir. Uşaq televiziyada, sosial mediada və filmlərdə gördükləri ilə kim olmaq istədiyinə qərar verir. Seriallar isə bu mənada emosional identifikasiya mənbəyidir. Yəni, uşaq obrazla “özünü eyniləşdirir”. Buna görə də valideynlər və pedaqoqlar uşaqların izlədiyi məzmunu nəzarətdə saxlamalı, mövzu barədə onlarla müzakirələr aparmalı və paralel olaraq milli mədəniyyətə marağı stimullaşdırmalıdırlar. 

Beləliklə, uşaqlar həm digər mədəniyyətlərə hörmətlə yanaşar, həm də öz milli kimliyinə bağlı qalmağı öyrənərlər.

O bildirib ki, uşaqların beyni və emosional sistemi yaşa görə fərqli şəkildə inkişaf edir. Bu mərhələlərdə uşaq gördükləri ilə daxili mənəvi sistemini formalaşdırır. Yəni televiziyada, filmdə və ya sosial mediada gördüyü hər səhnə onun üçün öyrədici model rolunu oynayır. Seriallar çox zaman emosional dramatizmi və lüks həyatı ön plana çıxarır. Uşaqlar bu reallığı “həyatın norması” kimi qəbul edə bilər, nəticədə isə gerçək həyatdan məyusluq duyur, maddi göstəriciləri əsas dəyər kimi görür, romantik münasibətlərə və cinsiyyət rollarına qeyri-realist baxış formalaşır. Uşaq xarici obrazlarla emosional bağlılıq qurduqca, öz milli qəhrəmanlarını, folklorunu, ədəbiyyatını ikinci plana atır. Məsələn, “Diriliş Ertuğrul”un qəhrəmanını tanıyır, amma “Koroğlu”nu tanımır. Bu, kimlik dağılmasının başlanğıcı ola bilər.

Mütəxəssis vurğulayıb ki,  uşaqları sağlam media vərdişlərinə yönəltmək üçün  əsas məqsəd qadağa qoymaq yox, onları düzgün istiqamətləndirməkdir.

“Əvvəlcə uşağa media savadlılığı öyrədilməlidir yəni, gördüyü hər şeyin doğru və real olmadığını anlamalıdır. Ekran vaxtı yaşa uyğun şəkildə məhdudlaşdırılmalı, izlənən məzmun isə valideynin nəzarətində olmalıdır. Ən təsirli üsullardan biri uşaqlarla birlikdə izləmək və sonra həmin məzmunu müzakirə etməkdir.  Bu, həm emosional bağ yaradır, həm də uşağın düşünmə bacarığını inkişaf etdirir. Bundan başqa, uşağa rəqəmsal olmayan maraqlı alternativlər — oyun, rəsm, kitab oxuma, açıq hava fəaliyyəti təqdim edilməlidir ki, ekran tək əyləncə mənbəyi olmasın. Ən vacibi isə valideyn özü də bu məsələdə nümunə göstərməlidir, çünki uşaq sözə yox, davranışa baxır”,–deyə o, qeyd edib.

Nəzrin UMAY