İslahata bəlkə özümüzdən başlayaq...

İslahata bəlkə özümüzdən başlayaq...

20 İyul 2026

Hamımız daha gözəl, daha güclü və daha ədalətli Azərbaycan arzulayırıq. Küçələrinin təmiz olduğu, qanunun hər kəs üçün eyni işlədiyi, insanların bir-birinə hörmətlə yanaşdığı, uşaqların sağlam tərbiyə aldığı, gənclərin gələcəyə inamla baxdığı bir ölkə... Bu arzunu demək olar ki, hər birimiz bölüşürük.

Ancaq özümüzə çox nadir hallarda belə bir sual veririk: Bu dəyişiklik haradan başlamalıdır?

Çox vaxt islahatı başqalarından gözləyirik. Dövlət dəyişsin, məmur dəyişsin, müəllim dəyişsin, həkim dəyişsin, polis dəyişsin, qonşu dəyişsin, gənclər dəyişsin... Sanki hamı dəyişməlidir, bircə bizdən başqa.

Halbuki həyatın ən böyük həqiqətlərindən biri budur: Cəmiyyət onu təşkil edən insanların güzgüsüdür. İnsan dəyişmədən cəmiyyət dəyişmir, cəmiyyət dəyişmədən isə dövlət güclənmir.

Əgər küçəyə atdığımız kiçik bir zibili "bir şey olmaz" düşüncəsi ilə izah ediriksə, sonra şəhərin çirkli olmasından gileylənməyə nə qədər haqqımız çatır?

Avtomobilimizi yolun ortasında saxlayıb onlarla insanın hərəkətinə mane oluruqsa, sonra saatlarla tıxacda qalmağımıza yalnız başqalarını günahlandırmaq nə dərəcədə doğrudur?

Qırmızı işıqda yolu keçməyi cəsarət və ya zirəklik hesab ediriksə, yol hərəkəti mədəniyyətinin formalaşmasını kimdən gözləyirik?

Övladımıza dürüst olmağı öyrətdiyimiz halda, telefon zənginə "de ki, evdə deyiləm" cavabını verdizdiririksə, onun böyüyəndə həqiqəti söyləyəcəyinə necə ümid edə bilərik? Tanışlıq, qohumluq və şəxsi əlaqələri qanundan üstün tuturuqsa, sonra ədalət axtarmağımız nə qədər səmimi görünür?

Əslində böyük problemlərin kökü çox vaxt məhz kiçik yanlışlarımızdan başlayır. Çünki cəmiyyət bir gündə formalaşmır. O, hər gün etdiyimiz seçimlərlə qurulur.

Ailə bu quruluşun ilk təməl daşıdır. Uşaq valideynin dediyini deyil, gördüyünü öyrənir. Evdə hörmət görən hörmət etməyi, məsuliyyət görən məsuliyyət daşımağı, dürüstlük görən dürüst olmağı mənimsəyir. Buna görə də gələcəyin necə olacağını bilmək istəyiriksə, bu gün ailələrimizdə hansı dəyərlərin yaşadıldığına baxmaq kifayətdir.

Təhsil də yalnız diplom almaq deyil. Təhsil düşünməyi, sual verməyi, fərqli fikrə hörmət etməyi, qanuna əməl etməyi, zəhmətin qiymətini bilməyi və vicdanlı vətəndaş olmağı öyrətməlidir. Kitab oxumağa vaxt ayırmayan, amma saatlarla faydasız mübahisələrə və dedi-qoduya vaxt sərf edən cəmiyyət inkişafı yalnız arzulaya bilər, ona çata bilməz.

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Burada bir söz minlərlə insana çata bilir. Təəssüf ki, bəzən faydalı məlumatdan daha çox təhqir, müzakirədən daha çox qarşıdurma, arqumentdən daha çox ittiham paylaşılır. Halbuki yazdığımız hər cümlə bizim kimliyimizi, mədəniyyətimizi və tərbiyəmizi nümayiş etdirir. Unutmamalıyıq ki, ekranın arxasında da hissləri, düşüncələri və ləyaqəti olan insanlar var.

İslahat yalnız böyük qanun layihələri və ya dövlət proqramları ilə ölçülmür. Vicdanla işləyən müəllim də islahatdır. Halal qazanc əldə edən sahibkar da islahatdır. Növbəsini gözləyən vətəndaş da islahatdır. Vergisini dürüst ödəyən sahibkar da, ictimai əmlakı öz malı kimi qoruyan insan da, yaşlıya yer verən gənc də, küçəni təmiz saxlayan sakin də bu islahatın iştirakçısıdır.

Mentalitet dediyimiz anlayış bəzən yanlış başa düşülür. Əsl Azərbaycan mentaliteti qaydanı pozmaq deyil, böyüyə hörmət etməkdir. Kobudluq deyil, mərifətdir. Başqasının haqqına girmək deyil, rüşvətə yox, layiq olana dəyər vermək, halal zəhmətə üstünlük verməkdir. Qonşuya dayaq olmaqdır, ehtiyacı olana əl uzatmaqdır, ailəyə sahib çıxmaqdır, verilən sözə sadiq qalmaqdır. Bunlar əsrlər boyu bizi millət kimi yaşadan dəyərlərdir.

Ən təhlükəli düşüncə isə budur: "Məndən nə asılıdır ki?"

Əslində hər şey bir insandan başlayır. Bir müəllim yüzlərlə şagirdin həyatına işıq sala bilər. Bir həkim insanlara yenidən yaşamaq ümidi verə bilər. Bir polis ədalətə inam yarada bilər. Bir jurnalist həqiqətin keşiyində dura bilər. Bir sahibkar yüzlərlə ailənin ruzisinə səbəb ola bilər. Bir dövlət məmuru dürüst və vicdanlı xidməti ilə xalqın dövlətə olan güvənini qoruya bilər. Bir valideyn isə bütöv bir nəslin taleyini dəyişə bilər.

Bütün bunların mərkəzində isə bir vətəndaş dayanır. Çünki dövlət göydən enmir. Dövlət elə bizik. Onu gücləndirən də, zəiflədən də, inkişaf etdirən də hər gün etdiyimiz seçimlərdir.

Ona görə də hər dəfə ölkəmiz haqqında danışarkən, tənqid edərkən və ya dəyişiklik arzulayarkən əvvəlcə özümüzə baxaq. Özümüzdən soruşaq: Bu gün mən Azərbaycan üçün nə etdim? Kiminsə haqqını qorudummu? Kiməsə hörmət göstərdimmi? Qanuna əməl etdimmi? Vicdanımla davrandımmı?

Əgər hər birimiz bu suallara səmimi cavab verməyi bacarsaq, onda islahat artıq başlamış olacaq.

Çünki böyük dəyişikliklər həmişə böyük şüarlarla deyil, kiçik, amma vicdanlı addımlarla başlayır.

Güclü dövlət yalnız müasir binalar, geniş yollar və yeni texnologiyalar üzərində qurulmur. Onun ən möhkəm dayağı məsuliyyətli, savadlı, mərifətli və vicdanlı vətəndaşdır.

Elə isə gəlin, dəyişiklik gözləyən deyil, dəyişiklik yaradan insanlar olaq.

Çünki sabahın Azərbaycanı bu gün etdiyimiz seçimlərin nəticəsi olacaq.

İslahata bəlkə də elə bu gün, elə indi, elə özümüzdən başlamağın vaxtıdır.

Əlövsət HÜSEYNQULİYEV

AŞPA-nın  üzvü statusuna malik  Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri