Kimlər şahid qismində dindirilə bilməz? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kimlər şahid qismində çağırıla və dindirilə bilməzlər?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxslər şahid qismində dindirilə bilərlər. Lakin aşağıdakı şəxslər şahid qismində çağırıla və dindirilə bilməzlər:
Azyaşlı olduqlarına, fiziki və ya psixi pozuntularına görə araşdırılan halları düzgün qavraya və ifadə edə bilməyən şəxslər;
Müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar cinayət prosesinə aid məlumatları bilən vəkillər;
Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində iştirak etdikləri proseslə bağlı məlumatları bilən şəxslər;
Cinayət təqibi zamanı yol verilmiş nöqsanlar və ya yeni açılmış hallar istisna olmaqla, prosesdə öz səlahiyyətlərini həyata keçirmiş hakim, andlı iclasçı, prokuror, müstəntiq, təhqiqatçı və məhkəmə iclas katibi;
Mediasiya haqqında Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlarla bağlı mediasiya iştirakçıları və digər şəxslər, həmçinin arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








