Komitənin kollektivi şəhid ailəsini ziyarət edib -

Komitənin kollektivi şəhid ailəsini ziyarət edib - FOTO

22 Fevral 2025

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhid İman Alməmmədovun ailəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.

Şəhid İman Alməmmədovun ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.

Xatırladaq ki, İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açmışdır. Orta təhsilini əvvəlcə, Şahbuz rayon Kolanı kənd orta məktəbdə, sonra isə Babək rayon Vayxır kənd məktəbində almışdır. Orta məktəbdən məzun olduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan İman Alməmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Hadrutun, həmçinin, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin və Xocalı rayonunun Çanaqçı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, Şuşa rayonunun Daşaltı kəndində mühasirədə qalsa da, mühasirədən çıxmağı bacarmışdır. İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şahbuz rayonunun Kolanı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.