
Şəxsi müayinə hansı hallarda aparılır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsi müayinə hansı hallarda aparılır?
Cavab: Məhkəmə-tibb ekspertizasının keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədi ilə müstəntiq onların şəxsi müayinəsini apara bilər.
Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir. Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır.
Təqsirləndirilən və ya şübhəli şəxs üzərində şəxsi müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir.
Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə və ya qanunla müəyyən edilmiş hallarda həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən aparılır. Barəsində şəxsi müayinə aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.
Əks cinsdən olan şəxsin soyundurulması zərurəti yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov