Şərur rayonunda "Molla Nəsrəddinin beş arvadı" tamaşasının premyerası keçirilib -

Şərur rayonunda "Molla Nəsrəddinin beş arvadı" tamaşasının premyerası keçirilib - FOTO

21 Fevral 2025

Özbək yazıçısı İbrahim Sadiqovun əsəri əsasında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının hazırladığı Şərur Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim olunan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatıçısı Nəsimi Məmmədzadə, tərtibatçı rəssamı İlham İsmayılovdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşada əsas rolları Respublikanın əməkdar artisti Neymət Sultanov, əməkdar mədəniyyət işçisi Kimya Babayeva və Rza Təhmasib adına Şərur Rayon Xalq teatrının üzvləri Məlahət Həsənova, Mənsumə Abbasova,Vüsalə Abbasova, Mehriban Hüseynova, Mirtahir Seyidov, Məhəmməd Mustafayev və başqaları canlandırır.

Səhnə əsəri ilk baxışdan sadə süjet xəttinə malik olsa da, hadisələr inkişaf etdikcə əslində bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.