
Bu gün Xalq artisti Sofiya Hüseynovanın doğum günüdür
Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofiya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrının aktrisası olub. Bir-birindən maraqlı və rəngarəng obrazlar yaradıb. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılıb.
Milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar davranış tərzini dərindən mənimsəyib. Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla reallaşdırıb. Bu baxımdan Larisa ("Günahsız müqəssirlər" və "Cehizsiz qız", Aleksandr Ostrovski), Liana ("Bostan iti", Lope de Veqa), Xanuma ("Xanuma", Avksenti Saqareli) rolları aktrisanın ifasında məharətlə oynanılıb. Mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa geniş imkan yaradıb.
Aktrisa 30 iyul 2015-ci il tarixində 89 yaşında Naxçıvanda vəfat edib.