
21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Fevralın 21-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində keçirilən tədbirin əsas məqsədi doğma dilimizin varlığını hiss etmək, onunla qürur duymaq və onu qorumağın nə qədər vacib olduğunu bir daha xatırlamaqdan ibarət olmuşdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək hər bir xalq üçün öz dilinin gözəlliyini, saflığını qorumaq və onu inkişaf etdirməyin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dilimizin qorunmasında və inkişafında, dövlət dili kimi qəbul edilməsində xüsusi xidmətlər göstərmişdir. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər doğma dilimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva çıxış edərək bildirib ki, hər bir müstəqil ölkə üçün vacib amillərdən biri də onun dövlət dilidir. Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra cəmiyyət həyatının bütün sahələrində Azərbaycan dili mühüm rol oynamışdır. Qeyd edilib ki, Ümummilli Liderimiz tərəfindən dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu gün uğurla davam və inkişaf etdirilməkdədir.
Çıxışlar dinlənildikdən sonra tədbirin bədii hissəsinə baxış olub. Bədii hissədə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri müxtəlif musiqi və rəqs nömrələri, Naxçıvan şəhər tam orta məktəblərin şagirdləri isə öz şeirləri ilə çıxış ediblər.
Tədbirin sonunda Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri Azər Cəfərli çıxış edərək əlamətdar günün əhəmiyyətindən bəhs edib, tədbir iştirakçılarına minnətdarlığını bildirib.