
Qarlı hava şəraitində Naxçıvan şəhərində lazımi təxirəsalınmaz tədbirlər görülür - FOTO
Fevralın 20-də gecə saatlarından başlayan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi, Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsi, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər və mənzil istismar idarələri gücləndirilmiş iş rejimində çalışır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhərində prospekt, küçə və yollara, həmçinin avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edilib.
Ötən gündən yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə saatlarından şəhər ərazisində yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib, nəqliyyatın hərəkəti təmin edilib, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılıb, eyni zamanda, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində narahatçılıq müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub.
Hazırda da bu istiqamətdə işlər davam etdirilir.