Naxçıvan şəhərində həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib -

Naxçıvan şəhərində həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib - FOTO

10 Aprel 2026

Aprelin 10-da Naxçıvan şəhərində gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim təşkil olunub. Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin aprel ayı üzrə çağırış və ehtiyata buraxılma ilə bağlı Sərəncamına uyğun olaraq ölkə üzrə gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması prosesi davam etdirilir. O qeyd edib ki, bu cür tədbirlər gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış zamanı vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının ölkəmizlə bərabər Muxtar Respublikamızda da uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrin bütün qoşun növləri sürətlə inkişaf etməkdədir. Blokada şəraitində olan Muxtar Respublikanın bütün hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov ordu sıralarına yola düşən gənclərin Vətənə layiqincə xidmət edəcəklərinə, Azərbaycan əsgərinin şanlı döyüş ənənələrini uğurla davam etdirəcəklərinə əminliklərini ifadə edərək onlara uğurlar arzulayıblar.

Valideynlər adından çıxış edən Ağalar Bayramov nəvəsini hərbi xidmətə yola salmağın qürurverici olduğunu bildirərək çağırışçılara öz tövsiyələrini verib, onlara möhkəm iradə, vətənə sədaqət və uğurlu xidmət arzulayıb.

Çağırışçılar adından çıxış edən Yasin Sadiqov isə göstərilən etimadı doğruldacaqlarını, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.