Əli Qəhrəmanovun 80 illik yubileyi qeyd edilib - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Musiqi və teatr” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Kətən oğlu Qəhrəmanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib. İsmayıl Hacıyev vurğulayıb ki, Əli Qəhrəmanov Azərbaycan sənətşünaslıq elminin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. O qeyd edib ki, yubilyarın çoxillik elmi fəaliyyəti qədim və zəngin ənənələrə malik olan Naxçıvanın zəngin teatr mühitinin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Akademik bildirib ki, Əli Qəhrəmanov tədqiqatlarında yalnız nəzəri məsələlərlə kifayətlənməyərək, arxiv materiallarına əsaslanan fundamental araşdırmalar aparmış, teatr sənətinin müxtəlif istiqamətlərini sistemli şəkildə təhlil etmişdir.
İsmayıl Hacıyev yubilyarı 80 illik yubileyi münasibətilə təbrik edib, Əli Kətən oğlu Qəhrəmanov AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub və ona hədiyyə təqdim edilib.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev “Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun ömür yolu və elmi fəaliyyəti” mövzusunda məruzə edib. Məruzədə alimin həyat yolu, təhsil illəri və elmi yaradıcılığı geniş şəkildə təhlil olunub, onunla bağlı xatirələr bölüşülüb. İnstitut adından yubilyara hədiyyə təqdim olunub.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında bildirib ki, Əli Qəhrəmanov 10-dan artıq kitab və monoqrafiyanın, 200-dən çox elmi məqalənin, 150-dən artıq publisistik yazının müəllifidir. Qeyd olunub ki, alim yarım əsrdən artıqdır ki, sənətşünaslıq sahəsində ardıcıl tədqiqatlar aparır. Onun yaradıcılığı əsasən Naxçıvan teatrının inkişaf mərhələlərinə həsr olunmuş, eyni zamanda rəssamlıq işi, səhnə tərtibatı və rejissorluq sənəti kimi istiqamətlər də geniş şəkildə araşdırılmışdır.
Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev çıxışında yubilyarı təbrik edərək onun elmi fəaliyyətindəki prinsipiallıq, dəqiqlik və tələbkarlıq kimi keyfiyyətləri xüsusi vurğulayıb, bu xüsusiyyətlərin əldə etdiyi elmi nailiyyətlərdə mühüm rol oynadığını qeyd edib.
“Musiqi və teatr” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxış edərək Əli Qəhrəmanovla uzunmüddətli elmi əməkdaşlığından söz açıb, onun yüksək peşəkarlığını və zəngin elmi təcrübəsini diqqətə çatdırıb.
Təsviri və dekorativ tətbiqi sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova yubilyarı təbrik edərək hazırladığı Əli Kətən oğlu Qəhrəmanovun qrafik portretini ona təqdim edib.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Əli Qəhrəmanova həsr etdiyi şeiri səsləndirib və onu yubilyara hədiyyə edib.
Tədbirin sonunda yubilyar Əli Kətən oğlu Qəhrəmanov çıxış edərək ona göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirib, xüsusilə akademik İsmayıl Hacıyevə təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, Əli Qəhrəmanovun çoxillik elmi fəaliyyəti sənətşünaslıq elminin inkişafında mühüm mərhələ təşkil edir və onun zəngin elmi irsi gələcək tədqiqatlar üçün etibarlı mənbə kimi böyük əhəmiyyət daşıyır.
Sonda xatirə şəkli çəkilib.















